Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma...
Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova
Mayın 14-də Brüsseldə keçirilən növbəti üçtərəfli danışıqlarda Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, bundan əvvəl Praqa və Soçidə keçirilən danışıqlarda Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Hələ 1991-ci ildə keçmiş Sovet İttifaqının 11 dövləti Alma-Ata Bəyannaməsini imzalayıb və bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan edib. Buna baxmayaraq, Ermənistan öz müqəddəratını təyinetmə hüququndan əl çəkməyib və hələ də buna ümid edir. Brüsseldəki görüşdən sonra erməni deputat bəyan etdi ki, nə qədər ki, Dağlıq Qarabağda ermənilər yaşayır, ərazi ilə bağlı iddialar irəli sürmək olar, əks halda razılaşma mümkün olmayacaq...
Gəlin əvvəlcə “öz müqəddəratını təyinetmə hüququnu” təsbit edən beynəlxalq sənədlərə nəzər salaq. BMT Nizamnaməsində, 1960-cı il müstəmləkə ölkələrinin və xalqlarının Müstəqillik Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktda deyilir ki, “bütün xalqların öz müqəddəratını təyin etmək hüququ var”. Lakin qeyd olunan bütün beynəlxalq sənədlərdə bu hüquq milli azlıqlara deyil, “xalqlara” verilir. Beynəlxalq hüquqda “xalq” anlayışı müstəqil dövlətin qanuni ərazisində yaşayan bütün əhalini ifadə edir. Dağlıq Qarabağ bölgəsində ermənilərlə yanaşı, azərbaycanlılar, kürdlər, Ahıska türkləri və başqa xalqlar da yaşayıblar. Onda demək olar ki, “öz müqəddəratını təyin etmək hüququ” təkcə ermənilərin deyil, birinci Qarabağ müharibəsi zamanı öz vətənlərindən qovulmuş, orada yaşayan bütün xalqların hüququ idi. Yəni ermənilərin “öz müqəddəratını təyinetmə hüququnu” müdafiə etmək üçün heç bir imtiyazı yoxdur...
Hamburq Universitetinin hüquq professoru Otto Luchterhandt normal şəraitdə "ölkələrin ərazi bütövlüyü" prinsipinin "xalqların öz müqəddəratını təyin etmə" prinsipindən daha yüksək olduğunu müdafiə edir. Xalqların öz müqəddəratını təyin etmək hüququ yalnız o halda ərazi bütövlüyü prinsipindən üstün ola bilər ki, bölgədəki azlıqlar həddindən artıq təzyiqə məruz qalsın. Biz bilirik ki, Dağlıq Qarabağdakı ermənilər heç vaxt sıxışdırılmayıb, əksinə, regionun idarə olunmasında onların böyük təsiri olub. Üstəlik, Venesiya Komissiyası belə nəticəyə gəlib ki, xalqların öz müqəddəratını təyin etmək hüququ mövcud milli sərhədlər daxilində istənilən formada mədəni muxtariyyət, federasiya və ya yerli özünüidarəetmə formasında həyata keçirilə bilər. Lakin Ermənistan Dağlıq Qarabağa yüksək muxtariyyət vermək kimi mümkün həll yollarını heç vaxt qəbul etməyib...
Əsasən, öz müqəddəratını təyinetmə hüququ müstəmləkə ərazilərindəki xalqlara məxsusdur. Müstəmləkəçilikdən qurtulmaq üçün ayağa qalxan xalqın əsas məqsədi silahlı qarşıdurma yolu ilə torpaq əldə etmək deyil, “siyasi müstəqillik, iqtisadi, sosial və mədəni azadlıq” əldə etməkdir. Lakin Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin əsas məqsədi həmişə silahlı münaqişə yolu ilə torpaq əldə etmək olub. Həm də Dağlıq Qarabağ Azərbaycanın müstəmləkəsi deyil, qanuni ərazisidir...
Atacağımız növbəti addım bölgədə yaşayan ermənilərə Azərbaycan vətəndaşlığının verilməsidir. Biz bilirik ki, vətəndaşlıq əsas insan hüquqlarından biridir. Bununla bağlı 6 noyabr 1999-cu ildə Avropa Şurasına üzv dövlətlər arasında “Vətəndaşlıq haqqında Avropa Konvensiyası” imzalanıb. Konvensiya dövlətlərin varisliyində vətəndaşlığın müqavilə ilə tənzimlənməsini nəzərdə tutur. Eyni zamanda, Konvensiya ilhaq edilmiş ölkələrin vətəndaşlarına dolayı yolla da olsa, keçmiş vətəndaşlıqlarını saxlamaq və ya ilhaq edilmiş ölkənin vətəndaşlığını qəbul etmək hüququ verir. Həm beynəlxalq hüquqda, həm də daxili qanunlarda əsas olmadan başqa ölkənin vətəndaşlarını deportasiya etmək hüququ yoxdur.
Burada başqa bir məqam ondan ibarətdir ki, hazırda işğal olunmuş ərazilər geri qaytarıldığından ilhaq başa çatmış sayılır. Bu səbəbdən Dağlıq Qarabağ bölgəsində yaşayan Ermənistan vətəndaşları məcburi mübadilələrə məruz qala bilərlər...
Təbii ki, tərəflər razılığa gələrək vətəndaşlıqla bağlı ümumi qaydalara zidd qərar qəbul edə bilərlər. Beynəlxalq təcrübədə bu vəziyyətin iki şəkildə müəyyən edildiyi görünür. Onlardan biri suverenlik dəyişikliyinə məruz qalmış ərazidə yaşayanların öz vətəndaşlığını seçmək hüququnun tanınmasıdır. Yəni bu vəziyyəti iki cür şərh etmək olar: ya ərazidə yaşayan insanlar yaşadıqları ölkənin vətəndaşlığını alıb, orada yaşamağa davam etməlidirlər, ya da indiki vətəndaşlıqlarında qalıb rayondan köçməlidirlər. Çünki hüquqi baxımdan Ermənistan pasportu ilə Azərbaycanda yaşayan ermənilər turist sayılır. Bununla yanadı həmin vətəndaşlar miqrasiya xidmətində qeydiyyata alınmalı və viza rejiminə uyğun olaraq ölkədə qalma müddəti ötmüş şəxslərə cərimə tətbiq edilməlidir...
Laçın dəhlizinə gəlincə, Ermənistan Laçın dəhlizinin bölgədə yaşayan ermənilərin giriş-çıxışı üçün neytral zona kimi qalmasını tələb edir, lakin nədənsə Zəngəzur dəhlizinə qarşı çıxırlar. Ermənistan qeyd edir ki, 10 noyabr bəyannaməsində Zəngəzur dəhlizindən deyil, bütövlükdə regionda kommunikasiya blokadasının aradan qaldırılmasından bəhs edilir. Xüsusilə, Ermənistan hesab edir ki, Zəngəzur dəhlizi layihəsi İrandan Ermənistan və Gürcüstan ərazisindən Rusiyaya dəmir yolunun işə salınmasına mane olur. Yəni Ermənistan Naxçıvan ərazisindən keçərək İranla Rusiyanı birləşdirən yolu aça bilsə, o zaman Azərbaycan da Ermənistan ərazisindən Naxçıvana yol aça bilər. Görünür, Ermənistan dəhlizdən yox, yol açmaqdan danışır. Təbii ki, Ermənistan eyni ruhda davam edərsə, Laçın dəhlizinin açılmasından da söhbət gedə bilməz...