Aram Xaçaturyan Azərbaycandan necə getdi?..
Düz 120 il əvvəl məşhur erməni bəstəkarı Aram İliç Xaçaturyan Tiflis şəhərində dünyaya göz açıb. Onun həm anası, həm də atası Ordubad yaxınlığındakı Aşağı Aza kəndindəndir. Həm də Azərbaycanın xalq artisti olan Aram Xacaturyan öz xatirələrində yazır ki, onun bəstəkar kimi yetişməsində erməni, gürcü və azərbaycan xalq musiqisinin xüsusi rolu olub. Türk, kürd, macar və rus musiqi xəzinəsindən də yararlandığını vurğulayıb.
Aram Xaçaturyanla Üzeyr Hacıbəylinin münasibəti isə aşağıdakı kimi olub. Və bu münasibət də ermənilərlə azərbaycanlılar arasında hələ sovet dönəmində olan gərginliyi özündə parlaq şəkildə əks etdirir.
Üzeyir Hacıbəyovun asistenti Zaxar Yakovleviç Stelnikin xatirələrində belə yazır: “Mərkəzi Komitədən Üzeyir bəyə zəng edib tapşırmışdılar ki, Aram Xaçaturyanın yeni simfoniyasını hazırladıb dinləmə keçirilsin və şura tərəfindən qəbul edilib təsdiq edilsin. Öyrəndik ki, ermənilər İrəvanda onun əsərini təsdiq etməyiblər.
Üzeyir bəy göstəriş verdi, partitura orkestrdə paylandı, əsər dinlənilməyə hazırlandı.
Professor-müəllim heyəti toplanıb Xaçaturyanın simfoniyasına qulaq asdı. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzakirələr olmalı idi. Hamı gəldi. Divar boyu düzülmüş stullarda əyləşdilər. Xaçaturyan baş tərəfdə oturdu. Mən və Cövdət Hacıyev, biz Üzeyir bəyin assistentləri idik, qapının sol və sağ tərəfindəki stullarda yerimizi tutduq. Bir neçə dəqiqə keçdi. Heç kim dillənmirdi. Adətən bu tipli müzakirələr coşqu ilə keçərdi. Üzeyir bəy bığlarını dartışdırır və gözləyirdi ki, görək kim söz istəyəcək. Toplantı iştirakçıları bir neçə dəqiqəni də məzar sükutu ilə yola verdilər. Nəhayət, Üzeyir bəy dilləndi. Qonaq başa düşsün deyə rusca:
- Nə olar, - dedi, - heç kim danışmaq istəmirsə, mən danışaram. Belə, yoldaşlar. Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə çalğıya başladı, ya başlamadı, bunu tamaşaçı yox, heç müəllif özü də hiss etməz.
Bunu deyib, Üzeyir bəy susdu. Yenidən otağı bürüyən sükunəti Xaçaturyanın addım səsləri pozdu. O, yekə portfelini götürüb, heç nə demədən otaqdan çıxdı. Bu, onun Azərbaycandan axırıncı gedişi oldu”.
Elbəyi Həsənli