Avropada biznes qurmaq istəyən əcnəbilər üçün 10 seçilmiş ölkə

2025-ci ildə Avropada əcnəbi sahibkarlar üçün biznesə başlamaq və inkişaf etdirmək baxımından ən əlverişli ölkələrin siyahısı açıqlanıb. Beynəlxalq sığorta təminatçısı olan "William Russell" tərəfindən hazırlanmış reytinqə əsasən, Böyük Britaniya, İsveç və Niderland ilk üçlükdə qərarlaşıb.

Lim10.az xəbər verir ki, sıralama altı əsas göstərici üzrə aparılıb: startap sıxlığı, birillik sağ qalma göstəricisi, vençur kapitalı yatırımları, "coworking" infrastrukturu, əmək bazarında iştirak səviyyəsi və milyarder təsisçilərin sayı. Hər göstərici üzrə 0-dan 10-a qədər qiymətləndirmə aparılıb və ortalama göstərici əsasında ümumi "əcnəbi sahibkar indeksi" hesablanıb.

Məlumatlar 2025-ci ilin 15 may tarixinə olan son statistik göstəricilərə əsaslanır və Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), "Dealroom", "Coworker" və "Forbes" kimi mənbələrdən toplanıb.

1. Böyük Britaniya

Əcnəbi sahibkar indeksi: 8.66/10

Böyük Britaniya Avropada vençur kapitalı yatırımları baxımından liderdir. 2025-ci ildə ölkədə texnoloji startaplara yönələn sərmayə 3,15 milyard funt sterlinq (təxminən 4,22 milyard ABŞ dolları) olub. Yeni biznes sıxlığı (18.62) və sağ qalma göstəricisi (89.2%) də yüksəkdir. Kuperə görə, Böyük Britaniya təkcə maliyyə baxımından deyil, digər göstəricilər üzrə də sabit və güclü performans göstərir.

2. İsveç

Əcnəbi sahibkar indeksi: 8.01/10

İsveç 97,1%-lik sağ qalma göstəricisi ilə reytinqdə liderdir. "Klarna" və "Spotify" kimi texnologiya nəhənglərinin təsis edildiyi bu ölkədə hökumət qrantları, vergi güzəştləri və innovasiya sistemləri güclü dəstək mexanizmi yaradır. Sosial təminat sistemi isə sahibkarlar üçün şəxsi riskləri azaldır.

3. Niderland

Əcnəbi sahibkar indeksi: 7.47/10

Niderland 57,7%-lik işçi qüvvəsində iştirak və 95,7%-lik sağ qalma göstəricisi ilə güclü nəticələr göstərir. Amsterdam kimi şəhərlər Avropa üzrə investisiya və istedad cəlb edən startap mərkəzləridir. Yeni biznes sıxlığı aşağı olsa da (3.43), yüksək həyat keyfiyyəti və biznes rahatlığı bu çatışmazlığı kompensasiya edir.

4. İsveçrə

Əcnəbi sahibkar indeksi: 7.37/10

İsveçrədə vençur kapitalı yatırımları və maliyyə imkanları yüksəkdir. Lakin yüksək rəqabət və mürəkkəb tənzimləyici mühit biznesin inkişafını çətinləşdirə bilər. Kuper bildirir ki, yerli qanunvericiliyi yaxşı bilməyən əcnəbi sahibkarlar üçün bu, əlavə risklər yarada bilər.

5. Kipr

Əcnəbi sahibkar indeksi: 6.77/10

Kipr yeni biznes sıxlığı (12,79) və 87,8%-lik sağ qalma göstəricisi ilə önə çıxır. Yerli kapital az olduğu üçün bu ölkə daha çox öz maliyyəsi ilə fəaliyyətə başlayan və ya uzaqdan işləyən komandalar üçün uyğundur. Kuper qeyd edir ki, Kipr yaşayış icazəsi, vergi rejimi və Aralıq dənizi həyat tərzi baxımından cəlbedici olsa da, xarici sərmayəyə ehtiyac duyulur.

6. Norveç

Əcnəbi sahibkar indeksi: 6.29/10

Norveçdə işçi qüvvəsinin sabitliyi və güclü rəqəmsal əlaqə önə çıxır. Vençur kapitalı yatırımları 41,25 milyon funt sterlinq (təxminən 55 milyon ABŞ dolları) təşkil etsə də, dövlət dəstəyi və yüksək yaşayış standartları əcnəbi sahibkarlar üçün cəlbedici mühit yaradır.

7. İslandiya

Əcnəbi sahibkar indeksi: 6.13/10

İslandiyada hər 1 000 işçiyə 12,07 yeni startap təsis olunur. Lakin sağ qalma göstəricisi (73,5%) siyahıda ən aşağı göstəricidir. Kuper bu halı ölkənin kiçikliyi və nisbətən təcrid olunmuş bazarı ilə izah edir.

8. Estoniya

Əcnəbi sahibkar indeksi: 6.08/10

Estoniya 1 000 nəfərə düşən 24,32 yeni bizneslə yeni müəssisələrin sıxlığı üzrə qitədə birinci yerdədir. Bu göstərici əsasən rəqəmsal idarəetmə və e-rezidentlik proqramı ilə bağlıdır. Estoniyada biznesi tamamilə onlayn şəkildə idarə etmək mümkündür.

9. Lüksemburq

Əcnəbi sahibkar indeksi: 6.08/10

Lüksemburq hər 100 min nəfərə düşən 10,5 “coworking” məkanı ilə Avropada liderdir. Vençur kapitalı yatırımı isə cəmi 15,75 milyon funt sterlinq (təxminən 21,3 milyon ABŞ dolları) təşkil edir. Uilyam Kuper Lüksemburqun elastikliyi və çoxdilli işçi qüvvəsinin əcnəbi sahibkarlar üçün mühüm üstünlüklər yaratdığını vurğulayıb.

10. Belçika

Əcnəbi sahibkar indeksi: 5.97/10

Belçika 93,8% sağ qalma göstəricisi ilə güclü nəticə göstərsə də, işçi qüvvəsində iştirak səviyyəsi (45,38%) aşağıdır. Vençur kapitalı yatırımları 182,7 milyon funt sterlinq (təxminən 247,9 milyon ABŞ dolları) təşkil edir. "William Russell"in marketinq direktoru Uilyam Kuperin sözlərinə görə, yüksək əmək xərcləri və regional fərqlər işə götürmə prosesini çətinləşdirir. Lakin ölkənin mərkəzi yerləşməsi və infrastrukturunun güclü olması beynəlxalq bazarlara çıxış üçün mühüm üstünlük yaradır.(valyuta.az)