İsrail ordusunun son 24 saatda həyata keçirdiyi əməliyyatlar nəticəsində Fələstinin Qəzza zolağında 60-dan çox mülki şəxs həlak olub.
Lim10.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son sutka ərzində Qəzzadakı xəstəxanalara İsrail qüvvələrinin müxtəlif rayonlarda apardığı bombardman və atəşlər nəticəsində həlak olmuş 61 fələstinlinin meyiti gətirilib”, – Nazirliyin açıqlamasında deyilir.
Eyni vaxtda 220 nəfərin yaralandığı qeyd olunub. Nazirliyin bildirdiyinə görə, İsrail ordusunun hücumları nəticəsində həyatını itirənlərin bir çoxunun meyiti hələ də dağıntılar altındadır, təcili yardım briqadaları isə davamlı atəş səbəbindən dağılan binalara çata bilmir.
Nazirliyin məlumatına əsasən, İsrailin Qəzzada 2023-cü ilin oktyabrında başladığı hərbi əməliyyatlardan bu günədək ümumilikdə 65 344 fələstinli öldürülüb, 166 795 nəfər isə yaralanıb. Həmçinin, həmin dövrdə bölgə əhalisi arasında aclıq və ya xroniki qidalanma çatışmazlığı səbəbindən 2 523 ölüm halı qeydə alınıb.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də HƏMAS-ın silahlı tərəfdarlarının Qəzzadan İsrail ərazisinə daxil olaraq sərhəd yaşayış məntəqələrinin sakinlərini qətlə yetirməsi və 250-dən çox insanı girov götürməsi ilə gərginləşib. Buna cavab olaraq İsrail anklavda HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək, eləcə də bütün girovları azad etmək məqsədilə hərbi əməliyyata başlayıb.
Həmidə İbrahimova