Prezidentin təltif etdiyi Rafiq Məmmədhəsənov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rafiq Musa oğlu Məmmədhəsənovu 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib.

Lim10.az R.Məmmədhəsənovun dosyesini təqdim edir:

Məmmədhəsənov Rafiq Musa oğlu 1945-ci sentyabrın 26-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. 1963-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb Dövlət İnstitutunun müalicə — profilaktika fakültəsinin 1-ci kursuna daxil olub, 1969-cu ildə həmin institutu bitirib.

1969–1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, sonra 1971–1973-cü illərdə Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt işləyib. 1974–1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub.

Respublikada İxtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1977–1986-cı illərdə həmin kafedrada assistent vəzifəsində işləyib. 1986–1990-cı illərdə Moskvada Ümumittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub.

1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur.

1993-cü ildən indiyə qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir. 2000-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən “Əməkdar elm xadimi” adına layiq görülüb.

2010-cu ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib.
1992-ci ilin noyabrından YAP-ın üzvüdür. YAP siyasi şurasının üzvüdür.
Milli məclisin III, IV, V çağırış deputatı olub.

30 noyabr 2022-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Billurə