Vəhdət partiyası Azərbaycan xalqını təbrik edib

Lim10.az xəbər verir ki, Vəhdət partiyasının sədri Adəm İsmayıl Bakuvi 17 Noyabr – Milli Dirçəliş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Əziz və dəyərli həmvətənlər!
17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın milli yaddaşında azadlıq düşüncəsinin, milli özünüdərkin və birlik ruhunun yenidən alovlandığı müqəddəs bir tarixdir. Bu gün Azərbaycan xalqının öz kimliyinə sahib çıxdığı, milli iradəsini bütün dünyaya bəyan etdiyi, gələcək müstəqilliyimizin ideya təməllərinin atıldığı şanlı gündür.
1988-ci ilin 17 noyabrında başlanan bu böyük milli oyanış yalnız sosial-siyasi hadisə deyildi. Bu, minillik dövlətçilik ənənələrimizə qayıdış, milli ruhumuzun yenidən dirilməsi, xalqımızın bir yumruq kimi birləşərək öz taleyinə sahib çıxmasının təntənəsi idi. Elə həmin iradə sonralar Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolun başlanğıcı oldu.
Bu tarixi yolun davamlı, möhkəm və dönməz bir dövlətçiliyə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri əvəzsizdir.
Ulu Öndər Azərbaycan xalqını parçalanmaq təhlükəsindən xilas edərək möhkəm təməllərə söykənən güclü dövlət qurdu, milli həmrəyliyi bərqərar etdi, müstəqilliyin ideya əsaslarını gerçəkliyə çevirdi. Onun müdrik siyasəti bu gün də xalqımızın yolunu işıqlandıran böyük məktəbdir.
Bu siyasi xəttin davamı kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoymuş, ölkəmiz daha da güclənmiş, suverenlik və ərazi bütövlüyü tam bərpa olunmuşdur. İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi və milli maraqlara sarsılmaz bağlılığı sayəsində Azərbaycan bu gün regionun lider dövləti, dünya miqyasında nüfuz sahibi olan qüdrətli ölkə kimi qəbul edilir.
Milli Dirçəliş Gününü qeyd etmək təkcə keçmişi anmaq deyil — həm də bu ruhu yaşatmaq, milli birliyimizi qorumaq, dövlətimizin gələcəyini daha da möhkəmləndirmək və milli məqsədlər uğrunda çiyin-çiyinə dayanmaq deməkdir.
Bu əlamətdar gün münasibətilə xalqımıza firavanlıq, dövlətimizə əbədi ucalıq, milli həmrəyliyimizə isə sonsuz möhkəmlik arzulayırıq.
17 Noyabr – Milli Dirçəliş Gününüz mübarək olsun!
Milli ruhumuz həmişə uca, dövlətimiz daim qüdrətli olsun!"



















