Rusiyada sabiq baş nazir terrorçu elan edildi

“Rosfinmonitorinq” Agentliyi  Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov və iqtisadçı Sergey Quriyevi terrorçu və ekstremistlər siyahısına daxil edib.

Lim10.az xəbər verir ki, bundan öncə 2023-cü ilin martında sabiq baş nazir Kasyanov və iqtisadçı Quriyev xarici agent elan edilib.

Rusiya Ədliyyə Nazirliyi izah edib ki, Kasyanov xarici agentlərin məlumatları və Rusiya hökumətinin qərarları ilə bağlı yalan məlumatlar yayıb. O, həmçinin Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxıb və arzuolunmaz təşkilat kimi tanınan “Rusiyanın Müharibə Əleyhinə Komitəsi”nin üzvü olub. Nazirlik qeyd edib ki, Kasyanov xaricdə yaşayır. 

Quriyev öz növbəsində xarici agentlərin materiallarının yaradılmasında və yayılmasında iştirak edib, həmçinin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatı tənqid edib.

Kasyanov barəsində “hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd və terrorçu birlik təşkil etmək” maddəsi ilə cinayət işi açılıb.

Mixail Kasyanov 1999-cu ilin may ayından maliyyə naziri, sonra baş nazirin birinci müavini, 2000-ci ilin mayında isə Rusiya hökumətinin başçısı olub. Kasyanovun  rəhbərlik etdiyi kabinet 2004-cü ilin fevralında buraxılıb, bundan sonra o, müxalifətə keçib. 2015-2023-cü illərdə  və 2023-cü ilin yazında RF Ali Məhkəməsi tərəfindən ləğv edilən Xalq Azadlıq Partiyasına (PARNAS) rəhbərlik edib.

Mürtəza