Bazar dəyəri 4,5 trilyon dolları keçən ilk şirkət oldu

Amerikanın qrafik prosessor istehsalçısı Nvidia tarixdə bazar dəyərini 4,5 trilyon dolları keçən ilk şirkət olub.

Lim10.az xəbər verir ki, bunu Nasdaq birjasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 19:23-ə olan məlumata görə, şirkətin səhmləri 2,56% artaraq bir səhm üçün 186,51 dollar təşkil edib. Nəticədə Nvidia-nın bazar kapitallaşması 4,522 trilyon dollar təşkil edib.

Bazar dəyərinə görə Nvidia-dan geri qalan Microsoft, 514,95 dollar (+0,07%) səhm qiyməti ilə 3,83 trilyon dollar, bazar dəyərinə görə üçüncü şirkət olan Apple isə 254,02 dollar (-0,16%) səhm qiyməti ilə 3,769 trilyon dollar bazar kapitallaşmasına sahibdir.

Nvidia 1993-cü ildə əsası qoyulmuş qrafik emal vahidləri (GPU) və digər çiplər hazırlayan ABŞ texnoloji şirkətidir. Onun qərargahı Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşir. Şirkətin inkişafları süni intellekt, video oyun və avtomobil sənayesində geniş şəkildə mənimsənilib.

2025-ci il iyulun 9-da Nvidia tarixdə 4 trilyon dollardan çox bazar kapitallaşmasına çatan ilk şirkət olub.