TƏBİB-in xəstəlik vərəqələri: səhlənkarlıq, yoxsa qəsdən yaradılan əngəl?

 

TƏBİB-in xəstəlik vərəqələri: səhlənkarlıq, yoxsa qəsdən yaradılan əngəl?

Azərbaycanda elektron xəstəlik vərəqələrinin (bülletenlərin) açılması ilə bağlı kütləvi problemlər yaşanır. Vətəndaşların şikayətlərinə əsasən, sistemdə buraxılan səhvlər düzəldilmir, nəticədə xəstələr aylarla qanuni müavinətlərini ala bilmirlər.

Ən acınacaqlı nümunələrdən biri Beyləqan rayon sakini, ayağı pəncədən amputasiya olunmuş Dəmirov İsmayıl Vəliyəddin oğlunun başına gələnlərdir. Respublika Klinik Xəstəxanasında onun xəstəlik vərəqəsində səhv edilib. Bu səhv düzəldilmədiyi üçün vətəndaş artıq altıncı aydır ki,  müvəqqəti əmək qabiliyyətini itirmiş işçilər üçün nəzərdə tutulan müavinətindən məhrum edilib.

Burada sual yaranır: səhv edibsinizsə, niyə onu aradan qaldırmırsınız? Əgər bunu qəsdən edirsinizsə – bu, açıq-aşkar vətəndaşın cibinə girmək, büdcəyə qənaət edib yuxarılardan “aferin” qazanmaq cəhdidir. Yox, əgər qəsdən deyil, sadəcə bacarıqsızlıqdırsa, onda niyə həmin kresloları boşuna zəbt etmisiniz?

Xəstənin hüququnu tapdalamaq, sosial təminatını əlindən almaq sadəcə texniki nasazlıq adı ilə izah edilə bilməz. Bu, həm səhlənkarlıq, həm də insan taleyinə məsuliyyətsiz münasibətdir.

TƏBİB-in əsas vəzifəsi vətəndaşın sağlamlığını qorumaq, sosial təminatını təmin etməkdir. Amma görünən odur ki, qurum ya bu işin öhdəsindən gələ bilmir, ya da bilərəkdən insanları çıxılmaz vəziyyətə salır. Hər iki halda nəticə eynidir – xəstələr əziyyət çəkir, dövlətin sosial siyasətinə kölgə düşür.

Cəmiyyət haqlı olaraq soruşur: səhvini düzəldə bilməyən, vətəndaşın haqqını qoruya bilməyən qurum niyə hələ də fəaliyyət göstərir?

Akif NƏSİRLİ