Kredit kartı borcunu "şişirən" səhvlər

Kredit kartları bir çox insan üçün rahat maliyyə aləti sayılsa da, yanlış istifadə edildikdə borc yükünü daha da artırır. Faizlərin necə hesablandığını və ödəniş gecikmələrinin hansı nəticələr doğurduğunu bilməmək, sadə əməliyyatların belə ciddi maliyyə fəsadlarına yol açmasına səbəb olur. Məhz buna görə də, kart sahibləri hər əməliyyatın arxasındakı şərtləri və riskləri düzgün dəyərləndirməlidirlər.

Bəs kredit kartlarından istifadə zamanı ən çox edilən səhvlər nələrdir?

Lim10.az xəbər verir ki, maliyyə eksperti İsmayıl Məmmədov “Valyuta.az”a açıqlamasında bildirdi ki, ən çox rast gəlinən səhv odur ki, insanlar yalnız minimum ödənişi edirlər: “Məsələn, 1000 manat borcunuz var və bank sizdən 50 manat minimum ödəniş tələb edir. Siz 50 manatı ödəyirsiniz, amma qalan 950 manata gündəlik faiz yazılmağa davam edir. Bir ildən sonra həmin 1000 manat borc 1200–1300 manata qədər şişə bilər. İkinci böyük səhv – nağdlaşdırmadır. Misal üçün, kartdan 500 manat ATM-dən pul çıxardıqda dərhal 1–3% komissiya tutulur və güzəşt müddəti işləmir. Yəni həmin gündən faiz işləməyə başlayır. Əgər sadə bunu bilmirsə, bir ay sonra 500 manatın üzərinə 20–30 manat əlavə xərc gəlir”.

Bəs faizlər necə hesablanır?

“Azərbaycanda kredit kartlarında illik faizlər adətən 26–29% arası dəyişir. Amma bu faiz gündəlik bölünür. Güzəşt müddəti (30–45 gün) ərzində borcu tam bağlasanız, faiz sıfırdır. Amma 1 manat belə borc qalırsa, o faiz artıq işə düşür”.

Niyə adi istehlak kreditlərindən faiz daha yüksəkdir?

“Çünki bank kart limitini müştəriyə çox qısa müddətdə, girovsuz və zəmanətsiz təqdim edir. İstehlak kreditində bank müştərini daha dərindən yoxlayır, amma kart limitində risk daha böyükdür. Buna görə də bank faiz dərəcəsini yuxarı müəyyən edir – risklərin əvəzini çıxmaq üçün.

Sadə dillə desək – kredit kartı düzgün istifadə olunanda çox faydalıdır, çünki siz 45 gün faizsiz puldan istifadə edə bilirsiniz. Amma məsuliyyətsiz yanaşanda, misal üçün, hər ay yalnız minimum ödəniş etməklə davam etsəniz, bu, borcun illərlə bitməməsinə və əlavə maliyyə yükünə səbəb ola bilər”-deyə ekspert qeyd edir.