Tbilisidə vəziyyət gərgin olaraq qalır, polis gözyaşardıcı qazdan istifadə edir - YENİLƏNİB

Tbilisinin bəzi mərkəzi küçələrində etirazçılar aksiyanı davam etdirirlər.

Lim10.az xəbəri verir ki, Gürcüstan parlamentinin binası ətrafındakı bir neçə küçədə aksiya iştirakçıları müxtəlif əşyalarla polis əməkdaşlarına hücum ediblər.

Tabukaşvili küçəsində polis gözyaşardıcı qaz tətbiq edib, nəticədə aqressiya göstərən aksiyaçılar geri çəkiliblər. Etirazçılar küçədə barrikadalar yaradaraq onlara od vurublar.

Bu arada mitinqin əsas təşkilatçılarından biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze xəstəxanaya çatdırılıb. Onun bibər qazından zəhərlənmə və stress səbəbindən ürəyində problemlərin yarandığı bildirilir.

“İmedi” telekanalı P.Burçuladze və Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya arasında telefon danışığının səs yazısını yayıb.

Həqiqiliyi hələ təsdiqlənməyən səs yazısında tərəflər Tbilisidə iğtişaşların planlaşdırılmasını müzakirə edirlər.

***

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bəyan edib ki, Tbilisidə davam edən mitinq "Məclis və nümayiş haqqında" qanunla müəyyən edilmiş normaları aşıb.

Lim10.az xəbər verir ki, nazirliyin məlumatına görə, aksiyanın təşkilatçıları zorakılığa çağırışlar ediblər və prezident sarayının binasına daxil olmağa cəhd göstəriblər.

"Təşkilatçılar Atoneli küçəsində yerləşən prezident sarayının baryerlərini zədələyib və binaya soxulmağa cəhd ediblər", – deyə DİN-in bəyanatında bildirilib.

Nazirlik mitinq iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa və vəziyyəti süni şəkildə gərginləşdirməməyə çağırıb.

"Əks halda, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə edəcəklər", – bəyanatda qeyd olunub.

Nazirlik vurğulayıb ki, aksiyanın gedişində ictimai təhlükəsizliyin və asayişin qorunması məqsədilə bütün qanuni tədbirlər görüləcək.(report)