Region (Cənubi Qafqaz - müəl.) sülh gündəliyinin iqtisadi faydaları, o cümlədən birlikdə inşa edilən Zəngəzur dəhlizi və əlaqə bağlantıları üçün beynəlxalq dəstəyə ehtiyac duyur.
Lim10.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumunda deyib.
O, daha sonra forum çərçivəsində Taker Karlsonla (amerikalı tok-şou aparıcısı - red.) aralarında keçən dialoqa diqqət çəkib:
"Ona Ermənistan-Azərbaycan haqqında son materialının sülhə töhfə üçün o qədər də müsbət olmadığını bildirdim. O da mənimlə razılaşdı. Hətta təklif etdim ki, növbəti dəfə Ermənistan və Azərbaycan nümayəndələrini birlikdə dəvət etsin və biz həqiqətən sülhün real gündəliyi haqqında danışaq. Bu, sadəcə bir nümunədir. Çünki beynəlxalq media, beynəlxalq ictimaiyyət bizi dəstəkləməlidir. Biz gələcəyə doğru irəliləyirik və gələcək nəsillərimizi müharibənin yaralarından uzaq tutmaq istəyirik".
Prezidentin köməkçisi həmçinin bildirib ki, bu gün dünyada yeni münaqişə ocaqları yaransa da, heç olmasa Cənubi Qafqaz regionunda bir münaqişə səhifəsinin bağlanması müsbət xəbərdir:
"Müşahidələrim onu deməyə əsas verir ki, sülhdən danışmaq münaqişədən danışmaqdan qat-qat asandır. Əvvəllər Ermənistan və Azərbaycan daim bir-biri ilə mübahisə edir, münaqişə və ixtilaflardan danışırdıq. İndi isə sülhdən danışırıq. ABŞ-nin bu prosesdə oynadığı həlledici rolu qəbul etməklə yanaşı, Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələrin vacibliyini vurğulamaq istəyirəm. Azərbaycan və Ermənistan olaraq başa düşdük ki, hər şeydən əvvəl bizə sülh lazımdır. Bu sülhü yaratmalı, razılığa gəlməli, daha sonra isə beynəlxalq tərəfdaşlarımıza təqdim etməliyik".
H.Hacıyev əlavə edib ki, sülh danışıqları prosesinin ikitərəfli xarakteri özünü effektiv göstərib:
"Amerikalı dostlarımız isə iki tərəf arasında tamamilə qərəzsiz və dürüst vasitəçi oldular və bizi yekun razılaşmaya gətirdilər. Hazırkı mərhələdə Azərbaycan-Ermənistan qlobal sülhquruculuğu prosesini, o cümlədən vətəndaş cəmiyyəti institutlarının qurulması sahəsində əməkdaşlığı ikitərəfli əsasda davam etdiririk. Bu da özünü təsirli və səmərəli yanaşma kimi doğruldur".



















