Tehrandan Təl-Əvivə xəbərdarlıq və İranda doqquz gündür davam edən etirazlar


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirdiyi mətbuat konfransında İsrailin İrana mümkün yeni hücumları ilə bağlı açıqlama verib. O bildirib ki, İran Silahlı Qüvvələri ölkə ərazisini daim nəzarətdə saxlayır və təhlükəsizlik məsələlərində ayıq-sayıqlıq artırılıb.
Bəqayinin sözlərinə görə, Tehran İsrailin açıqlamalarına etibar etmir və əvvəlki təcrübələr bu mövqeyi gücləndirir. “İran Silahlı Qüvvələri İran ərazisini açıq gözlərlə izləyir və sionist rejimin sözlərinə güvənmirik,” – deyə o vurğulayıb. Sözçü əlavə edib ki, İran üçün əsas prioritet ölkə ərazisinin və dövlət kimliyinin müdafiəsi üçün hazırlıq səviyyəsinin yüksəldilməsidir. (Snn.ir)
Eyni zamanda, İranda etiraz aksiyaları və tətillər doqquzuncu gününə qədəm qoyub. Bu gün ölkənin cənub-qərbində yerləşən Yasuc şəhərində nümayişçilər küçələrə çıxaraq hakimiyyət əleyhinə şüarlar səsləndiriblər. Sosial mediada yayılan görüntülərə görə, etirazçılar “Onların övladları Kanadada, bizim övladlarımız həbsdədir” və “Azadlıq, azadlıq!” kimi şüarlarla çıxış ediblər.
Yasucdakı aksiya ölkənin müxtəlif bölgələrində doqquz gündür davam edən etiraz dalğasının tərkib hissəsi kimi qiymətləndirilir. (BBC)