İranı silkələyən böhran: pərdə arxasında böyük oyun

İranda milli valyutanın ABŞ dolları qarşısında kəskin ucuzlaşması, qızılın sürətlə bahalaşması və inflyasiyanın nəzarətdən çıxması ölkədə sosial-iqtisadi gərginliyi pik həddə çatdırıb. 2025-ci ilin dekabr ayının sonlarından etibarən Tehranda və digər iri şəhərlərdə başlayan etiraz aksiyaları artıq lokal narazılıq mərhələsini keçərək ölkəni növbəti genişmiqyaslı siyasi böhranla üz-üzə qoyub.

Mövcud vəziyyət göstərir ki, baş verənlər təkcə iqtisadi çətinliklərlə bağlı deyil. İranda siyasi böhranın formalaşmasında daxili hakimiyyət qarşıdurması və xarici geosiyasi maraqlar paralel şəkildə təsir göstərir.

Daxili amil: islahatçılar və mühafizəkarlar arasında açıq qarşıdurma
Siyasi böhranın daxili əsasını hazırkı prezident, islahatçı qanadı təmsil edən Məsud Pezeşkian ilə səhnə arxasında təsir imkanlarını qoruyan mühafizəkar siyasi-ruhani elita arasında gedən mübarizə təşkil edir. Mühafizəkarlar Pezeşkianın prezident seçilməsini ilk gündən qəbul etməyib və onun legitimliyini faktiki olaraq tanımayıblar.

İslahatçılar İranın həm daxili, həm də xarici siyasətində kardinal dəyişikliklərin tərəfdarıdır. Onlar qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasını, Qərblə dialoqun bərpasını və ölkənin beynəlxalq təcriddən çıxarılmasını prioritet hesab edirlər.
Mühafizəkarlar isə İran İslam Respublikasının mövcud ideoloji, siyasi və təhlükəsizlik kursunun davam etdirilməsində maraqlıdır. Bu iki xətt arasında qarşıdurma getdikcə daha açıq və sərt xarakter almaqdadır ki, bu da dövlət idarəçiliyində parçalanmanı dərinləşdirir.

Xarici faktor: ABŞ və İsrailin maraqları
Hakimiyyət daxilindəki bu qarşıdurma və əhalinin ağır sosial-iqtisadi vəziyyəti xarici güclər üçün əlverişli imkan pəncərəsi yaradıb. Xüsusilə ABŞ və İsrail İranda baş verən proseslərdən öz strateji maraqları naminə istifadə etməyə çalışırlar.

ABŞ Prezidenti Donald Trampın İranda keçirilən etiraz aksiyalarına münasibət bildirərək, zorakılıq və itkilər olacağı təqdirdə Vaşinqtonun prosesə müdaxilə edəcəyini bəyan etməsi bunu açıq şəkildə təsdiqləyir. Bu mövqe ABŞ-ın İranda siyasi böhranın dərinləşməsində maraqlı olduğunu göstərir.

İsrail də analoji mövqedən çıxış edir və vaxtilə İrandan köç etmiş mühacir şəbəkələrindən fəal şəkildə istifadə etməyə çalışır. Əsas  strateji hədəf isə İranda rejim dəyişikliyinə nail olmaqdır.

İran niyə hədəfdədir?

1979-cu il İslam İnqilabından sonra Tehran regional gücə çevrilmək üçün islam ideologiyasından istifadə edərək Yaxın Şərqdə və digər bölgələrdə proksi güclər formalaşdırdı. Bu strategiya İrana uzun müddət regional təsir imkanları qazandırdı.
Bununla yanaşı, nüvə proqramının inkişafı, ballistik raketlərin yaradılması, hərbi-sənaye kompleksinin formalaşdırılmasıdır.

Bu isə Tehranı təkcə İsrail və ABŞ üçün deyil, eyni zamanda ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı üçün ciddi təhlükə mənbəyinə çevirdi.
2023-cü il Qəzza hadisələrindən sonra ABŞ, İsrail və bəzi ərəb ölkələrinin birgə səyləri nəticəsində İranın regional güc statusu ciddi zərbə aldı, proksi strukturları isə böyük ölçüdə zəiflədildi. Buna baxmayaraq, Tehran hələ də Vaşinqton və Təl-Əviv üçün strateji təhlükə kimi qiymətləndirilir.

Rejim dəyişikliyi planı və regional balans
ABŞ və İsrail İran təhlükəsindən xilas yolunu rejim dəyişikliyində görür. Məqsəd İslam İnqilabından öncəki şah rejiminə yaxın bir siyasi modelin formalaşdırılmasıdır.
Lakin tərəflərin yanaşmaları tam üst-üstə düşmür. İsrail üçün əsas məqsəd İranın hərbi və ideoloji təhlükəsini birdəfəlik aradan qaldırmaqdır. ABŞ isə yeni dünya düzənində özünə uyğun, Çin və Rusiyaya qarşı mövqe tutacaq bir İran görmək istəyir.
Bunlarla yanaşı, digər mühüm məqalardan biri isə Yaxın Şərqdə güc balansının və geosiyasi xəritəsinin yenidən formalaşdırılması məsələsidir. ABŞ Türkiyənin bölgədə rol almasını qəbul etsə də, onun tam dominant gücə çevrilməsini o qədər də istəmir. İsrail isə Ankaranın regional liderliyinə qəti şəkildə qarşıdır. Bəzi ərəb ölkələri də həm İranın, həm də Türkiyənin təsirinin artmasından narahatdır.

İran xaos mərhələsinə sürüklənirmi?
Bütün bu amillər ABŞ üçün İranda siyasi böhranın hakimiyyət və dövlət böhranı, hətta xaos səviyyəsinə çatdırılmasını strateji baxımdan cəlbedici edir. Xaos isə Vaşinqtonun və Təl-Əvivin İranla bağlı planlarını reallaşdırmaq üçün əlverişli zəmin yarada bilər.
Tehran rejimi bu təhlükəni anlayır, lakin proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələlik açıq qalır. ABŞ rejim dəyişikliyini açıq şəkildə dəstəkləyəcəkmi, yoxsa zəifləmiş, idarəolunan İran modeli ilə əməkdaşlığa üstünlük verəcək… Bu sualların cavabı yaxın dövrdə regional proseslərin gedişində aydınlaşacaq.

 Mürtəza