Yeni il tətilinin başa çatması ilə bir çox insan yenidən iş və dərs rejiminə qayıdır. Bayram günlərində pozulan yuxu saatları, dəyişən gündəlik ritm və rahatlıq hissi adi həyata dönüşü çətinləşdirə bilər. Məhz bu dövrdə motivasiya azalması, halsızlıq və işə köklənməkdə çətinlik kimi hallar daha çox müşahidə olunur.
Maraqlıdır, bayram tətilindən sonra işə adaptasiya niyə psixoloji olaraq çətin olur?
Məsələ ilə bağlı Lim10.az -a danışan Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, ailə uşaq psixoloqu Vüsalə Əmiraslanova bildirib ki, tətil müddəti üç gün və daha artıq olarsa, insanların daha rahatlığa və komfort zonasına keçmə dövrü başlayır:
"Həmin dövrdə insanlar artıq heç yerə tələsmir, rahat işlərini görə bilirlər. Getmək istədikləri yerlərə gedə bilirlər. Onların istirahəti daha əyləncəli bir xarakter daşıyır. Ona görə də çox vaxt həmin mühitə adaptasiya daha tez baş verir və işə, dərsə, eyni rutin həyata maraq azalır. Buna görə də tətildən sonra motivasiyanın itməsi özünü göstərir.
Amma bir insanın tətili ürəyincə keçmirsə, istədiyi kimi olmursa, o zaman adaptasiyası daha asan olur. Elə insanlar da var ki, bu, daha çox xarakterlə bağlıdır. Həm istirahətə, həm də işə rahat adaptasiya ola bilirlər. Biz belə insanlara daha çox elastik insanlar deyirik. Xarakteri, duyğuları və emosiyaları elastik olan insanlar. Tətildə olanda iş üçün darıxırlar, işdə olanda isə tətil üçün darıxırlar. Düşünürəm ki, bu mənfi təsir daha çox hansı insanlarda özünü göstərir? Biz onlara bir az tənbəl ruhlu insanlar deyirik. Daha tənbəl olanlar, tez alışmayanlar, iş rejimini bəyənməyənlər, öz işini çox da sevməyənlər, məktəbə getməyi xoşlamayan uşaqlar və s. Bu insanların adaptasiyası tətildən sonra işə və ya məktəbə qayıdanda bir az daha çətin olur".
Həmidə İbrahimova




















