MUSTAFA KAMAL ATATÜRK: TÜRK DÜNYASININ ƏBƏDİ LİDERİ

V HİSSƏ
Mustafa Kamal I Dünya müharibəsində
I Dünya Müharibəsi (1914–1918) Osmanlı imperiyasının siyasi, hərbi və sosial baxımdan sonunu hazırlayan qlobal münaqişə idi. Bu müharibə, eyni zamanda, Mustafa Kamalın hərbi dühasının və liderlik keyfiyyətlərinin parlaq şəkildə üzə çıxdığı mərhələ olmuşdur. O, müxtəlif cəbhələrdə göstərdiyi uğurlu komandanlıq fəaliyyəti ilə təkcə Osmanlı ordusunun deyil, gələcək Türkiyə Cümhuriyyətinin də əsaslarını formalaşdırdı
I Dünya Müharibəsində Osmanlı dövləti müttəfiqi Almaniyanın yanında yer aldı. 1914-cü ilin noyabrında müharibəyə daxil oldu. Mustafa Kamal bu qərara ehtiyatla yanaşaraq, Osmanlının uzunmüddətli müharibəyə hazır olmadığını düşünürdü. Lakin bir zabit olaraq müharibə başladıqdan sonra hərbi görəvini yüksək məsuliyyətlə icra etdi...
HAŞİYƏ- Dəyərli oxucu, öncə Osmanlı dövlətinin Almaniya ilə müttəfiqliyinin səbəblərinə diqqət yetirək. I Dünya müharibəsi (1914–1918) beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərə səbəb olmuş, çoxmillətli imperiyaların süqutunu sürətləndirmişdir. Bu imperiyalardan biri olan Osmanlı dövləti müharibəyə Almaniya və Mərkəzi Dövlətlər blokunda daxil olmuşdur. Osmanlının bu seçimi tarixşünaslıqda uzun müddət mübahisə mövzusu olmuş, müxtəlif siyasi, hərbi və iqtisadi səbəblərlə izah edilmişdir. XIX əsrin sonlarından etibarən Osmanlı imperiyası Avropa diplomatiyasında “Şərq məsələsi”nin mərkəzində dayanırdı. İngiltərə, Fransa və Rusiya Osmanlı torpaqlarını təsir dairələrinə bölmək niyyətində idi. Xüsusilə Rusiya Boğazlara çıxış əldə etməyi strateji məqsəd kimi qarşısına qoymuşdu. Bu şəraitdə Osmanlı dövləti böyük güclər arasında təcrid olunmuş vəziyyətə düşmüş, onun ərazi bütövlüyünü real şəkildə qoruyan heç bir müttəfiqi qalmamışdı. Almaniya isə digər Avropa dövlətlərindən fərqli olaraq, Osmanlı imperiyasının formal ərazi bütövlüyünü dəstəkləyir və onu özünün Yaxın Şərq siyasətində strateji tərəfdaş kimi görürdü. Bu faktor Osmanlı diplomatiyasında Almaniyanın alternativsizliyini gücləndirmişdir.
Osmanlı ordusu XIX əsrin sonu – XX əsrin əvvəllərində ciddi struktur böhranı yaşayırdı. Balkan müharibələrində (1912–1913) alınan ağır məğlubiyyətlər ordunun zəifliyini açıq şəkildə üzə çıxarmışdı. Bu mərhələdə Almaniya Osmanlı ordusunun yenidən qurulmasında aparıcı rol oynadı. Alman hərbi müşavirləri Osmanlı ordusunun təlim və idarəetmə sisteminə ciddi təsir göstərirdi. Alman ordusunun Avropadakı hərbi uğurları Osmanlı hərbi elitasında Almaniyanın “məğlubedilməz güc” kimi qəbul edilməsinə səbəb olmuşdur. Bu baxımdan Almaniya ilə ittifaq Osmanlı üçün təhlükəsizlik zəmanəti kimi qiymətləndirilirdi. 1913-cü ildən sonra Osmanlı dövlətində real siyasi hakimiyyət İttihad və Tərəqqi Komitəsinin liderlərinin – Enver Paşa, Tələt Paşa və Cəmal Paşanın – əlində cəmləşmişdi. Bu siyasi elita Almaniyaya ideoloji və strateji baxımdan yaxın idi. Xüsusilə Ənvər Paşa Alman hərbi modelini ideal hesab edir və Osmanlının gələcəyini Almaniyanın qələbəsi ilə əlaqələndirirdi. İngiltərə və Fransaya qarşı güclü etimadsızlıq, Almaniyanın isə “daha az imperialist” dövlət kimi qavranılması Osmanlının xarici siyasət kursunu müəyyən edirdi. Osmanlı imperiyası XIX əsrin sonlarında ciddi maliyyə asılılığı içində idi. “Düyun-u Ümumiyyə” idarəsi (Osmanlı dövlətinin xarici borclarını idarə etmək üçün yaradılmış beynəlxalq maliyyə qurumu) vasitəsilə Osmanlı maliyyəsi faktiki olaraq İngiltərə və Fransanın nəzarətinə keçmişdi. Bu dövlətlərin iqtisadi təzyiqləri Osmanlı suverenliyini məhdudlaşdırırdı. Alman kapitalı isə Osmanlıya nisbətən daha az siyasi şərtlərlə daxil olurdu. Bağdad dəmir yolu layihəsi Alman–Osmanlı əməkdaşlığının simvoluna çevrilmişdi. Bu vəziyyət Almaniyanı Osmanlı üçün daha cəlbedici iqtisadi tərəfdaş kimi göstərirdi. Osmanlının Almaniya tərəfinə yaxınlaşmasında İngiltərənin müharibə öncəsi siyasəti də mühüm rol oynamışdır. Osmanlı tərəfindən sifariş edilmiş iki döyüş gəmisinin İngiltərə tərəfindən müsadirə edilməsi Osmanlı hökumətində böyük narazılıq doğurmuş, anti-ingilis mövqeni gücləndirmişdir. Bu hadisə Osmanlının neytral qalmaq imkanlarını faktiki olaraq aradan qaldırmışdır. Osmanlı dövlətinin Almaniya ilə müttəfiq olmasının bir məqamını da xatırlatmağı lazım bilirəm. Qeyd etdik ki, 1914-cü ildə Böyük Müharibə başlayanda Osmanlı İmperiyasındakı vəziyyət ürəkaçan deyildi. İkinci Konstitusiya Dövrünün elan edilməsindən sonra Osmanlıda yaşayan azlıqların dövlətə sadiqliyi qısa müddətli oldu. Böyük dövlətlərin və onların dəstəklədiyi azlıqların fəaliyyəti, daxili siyasi böhranla birlikdə Osmanlı Dövlətinin bu müharibədən kənarda qalmasına imkan vermirdi. Durumu anlayan Osmanlı Dövləti müttəfiq axtarmağa başladı və əvvəlcə İngiltərəyə, sonra isə Fransaya ittifaq təklif etdi. Bu dövlətlərdən mənfi cavab aldıqdan sonra 2 avqust 1914-cü ildə Almaniya ilə ittifaq müqaviləsi imzalandı. Bütün sadalananlardan sonra demək mümkündür ki, Osmanlı imperiyasının I Dünya müharibəsində Almaniya ilə müttəfiq olması şüurlu və sərbəst seçimdən daha çox, geosiyasi məcburiyyətin nəticəsi idi. Beynəlxalq təcrid, hərbi zəiflik, iqtisadi asılılıq və siyasi elitanın Almaniyaya yönəlmiş baxışı bu qərarı qaçılmaz etmişdir. Lakin Almaniyanın müharibədə məğlubiyyəti Osmanlı üçün fəlakətli nəticələrə səbəb oldu və imperiyanın süqutunu sürətləndirdi…
29 sentyabr 1913-cü ildə Bolqarıstanla İstanbul müqaviləsi imzalandıqdan sonra Mustafa Kamal 27 oktyabr 1913-cü ildə Sofiyaya hərbi attaşe təyin edildi. Bu vəzifə 11 yanvar 1914-cü ildə Belqrad və Monteneqroda hərbi attaşe görəvlərini də əhatə etməklə genişləndirildi. 1914-cü il mart ayının 1-də podpolkovnik rütbəsinə yüksəldi. 28 iyul 1914-cü ildə Birinci Dünya Müharibəsi başlayanda hərbi attaşe kimi xidmət etdiyi Sofiyadan müharibənin inkişafını yaxından izlədi. 1914-cü ildə dostu Dr. Tevfik Rüştüyə yazdığı məktubda müharibənin uzun sürəcəyini xatırlatdı. Digər dostu Salih Bozoka yazdığı məktubda isə almanların müharibəni qazanacağına qətiyyən inanmadığını bildirdi. Mustafa Kamal Osmanlı İmperiyası 11 noyabr 1914-cü ildə rəsmi olaraq müharibəyə qatıldığı üçün Sofiyada qalmaq istəmədi. Hərb naziri və Baş Komandan vəzifəsini icra edən Ənvər Paşaya məktub yazaraq müharibədə iştirak etmək istədiyini bu sözlərlə ifadə etdi: "Vətənin müdafiəsində aktiv xidmətdən daha vacib və nəcib bir vəzifə ola bilməz. Dostlarım döyüş meydanlarında, atəş xəttində olarkən, mən Sofiyada hərbi attaşe qala bilmərəm..." Məktubu aldıqdan qısa müddət sonra Ənvər Paşanın Ərzurumdan Hərb Nazirliyinə göndərdiyi teleqraf əmri ilə 20 yanvar 1915-ci ildə Tekirdağda yaradılan 19-cu Diviziyanın komandiri təyin edildi. O, 1915-ci il fevral ayının 2-də Tekirdağa gəldi. Kocaçimen və Conkbayırı (Çanak) yaxınlığında aparılan müdafiə döyüşləri ilə düşmən qüvvələrinin irəliləməsini dayandırmağı bacardı. 26 apreldən 19 maya qədər Arıburnu Cəbhəsinin Komandiri olaraq (17 may 1915-ci ildə 19-cu Diviziyanın komandanlığına qayıtdı) daha çox düşmən qüvvələrinin hücum və müdafiə döyüşlərində irəliləməsinin qarşısını aldı. 1915-ci il iyun ayının 1-də polkovnik rütbəsinə yüksəldi. Mustafa Kamal qətiyyətli və məsuliyyətli komandanlıq qabiliyyəti ilə işğalçıları Arıburnudakı dar bir əraziyə sıxışdırdı. Düşmənin Konkbayırı istiqamətində artan hücumlarına rəğmən bölgənin vahid komandanlıq altına alınmasını təklif etdi. 1915-ci il avqust ayının 8-də Anafartalar Qrupunun komandiri təyin edildi. Avqustun 9-da başlayan və Anafartalar Birinci Döyüşü kimi tanınan döyüşdə qüvvələrini anzaklara (ANZAC) qarşı səfərbər etdi. Nəticədə Türk ordusunun mövcud mühasirəsi aradan qaldırıldı və düşmən hücumlarının qarşısı alındı. Mustafa Kamal sonra ingilisləri döyüş bölgəsindən Tuzla gölünə qədər uzaqlaşdırdı. 10 avqustda Konkbayırıda gedən gərgin döyüş zamanı qəlpə parçası sinəsinə dəydi və saatını sındırdı. (Mustafa Kamal bu saatı 5-ci Ordunun alman komandiri Liman fon Sandersə hədiyyə etdi.) 21 avqustda başlayan Anafartalar İkinci Döyüşündə düşmən qüvvələrinin Kocaçimen və Cokbayırını ələ keçirmək cəhdinin qarşısını alaraq, onların başqa bir hücum başlatmasına imkan vermədi. Bu ərəfədə xəstələndi və 1915-ci ilin dekabr ayının 10-da cəbhəni tərk edərək Anafartalar Qrupunun komandanlığını Fevzi Çakmak Paşaya təhvil verdi…
Mustafa Kamal Çanaqqala döyüşündəki zəfəri ilə tarixə "İstanbulu xilas edən komandir" və "Arıburnu və Anafartalar qəhrəmanı" kimi həkk olunmuş şərəfli bir ad qazandı. Onun Çanaqqaladakı zəfəri Britaniya rəsmi tarixçisi Sesil Faber Aspinall-Oqlander tərəfindən 1929 və 1932-ci illərdə nəşr olunmuş iki cildlik "Çanaqqala hərbi əməliyyatları" əsərində belə qeyd edilmişdir: "Tarixdə heç vaxt tək bir komandirin səyi üç dəfə ayrı-ayrılıqda təkcə müharibənin və ya bütün hərbi əməliyyatların nəticəsinə deyil, həm də bir millətin taleyinə bu qədər təsir göstərməmişdir." (Bu əsər 21 may 1932-ci ildə Çankaya Sarayında Britaniya hökuməti adından Ankaradakı Britaniya səfiri ser Corc Rassel tərəfindən Türki Cümhuriyyətinin prezidenti Qazi Mustafa Kamal Paşaya təqdim edildi.)
Çanaqqala Zəfərinin önəmi nə idi? Dəyərli oxucu, Zəfərin önəmidən əvvəl Çanaqqala boğazının özünün əhəmiyyəti barədə yazmağın faydalı olacağını düşünürəm. Çanaqqala boğazı o dövrdə (elə indi də) fövqəladə strateji, siyasi və iqtisadi aspektdən əhəmiyyətə malik bir coğrafi ərazidir. Strateji aspektdən Çanaqqala boğazı Osmanlı imperiyasının Mərmərə dənizi ilə Aralıq dənizi arasında açılan mühüm qapısı, Qara dənizdəki hərbi və ticarət donanmasının hərəkətini idarə etmək üçün əsas keçid nöqtəsi olmaqla yanaşı Osmanlı dövləti üçün müdafiə xəttinin mərkəzi rolunu oynayırdı. Əgər Çanaqqala boğazı düşmənlərin əlinə keçsəydi, İstanbulun təhlükə altına düşməsindən əlavə Osmanlı dövləti cənub və şərq cəbhələrində ciddi təzyiq altında qalacaqdı. Siyasi aspektdən Çanaqqala boğazı Osmanlı dövlətinin suverenliyinin simvolu sayılırdı. Boğazın düşmən tərəfindən tutulması Osmanlı dövlətinin beynəlxalq nüfuzuna böyük zərbə verməklə bərabər, daxildə əhalinin dövlətə olan inamını sarsılda bilərdi. İqtisadi aspektdən Çanaqqala boğazı Qara dəniz ölkələrinin ticarət yollarının əsas giriş-çıxış nöqtəsi olduğundan boğaz üzərində nəzarət Osmanlıya gəmilərin təhlükəsiz hərəkətini təmin etmək və ticarət vergilərini toplamaq imkanı verirdi. Osmanlı dövlətinin boğaza nəzarəti itirdiyi təqdirdə xarici ticarət axını imperialist güclərin əlinə keçəcəkdi. Kəsəsi, Çanaqqala boğazı Osmanlı dövləti üçün “qapı” rolunu oynayırdı və həm təhlükəsizlik, həm ticarət, həm də siyasi nüfuz baxımından həyati əhəmiyyət daşıyırdı. Məhz buna görə də imperialist güclər-Rusiya, Fransa və İngiltərə Çanaqqala boğazını ələ keçirmək istəyirdi. Bu 3 dövlətin boğazları ələ keçirmək istəyinin səbəblərinə bir az ətraflı nəzər yetirək.
Boğazları (Bosfor və Çanaqqala) ələ keçirmək ambisiyasını ilk olaraq Rusiya ortaya qoymuşdu. I Pyotr və II Yekaterina hakimiyyəti dönəmində ruslar boğazları ələ keçirməyə cəhd etmişdi. Rusiya imperiyasının Çanaqqala boğazını ələ keçirmək istəməsinin səbəbləri həm strateji, həm iqtisadi, həm də geosiyasi-ideoloji xarakter daşıyırdı. Bu məqsəd xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biri idi. Nədir onlar? 1. “İsti dənizlərə çıxış” strategiyası- Rusiya tarixən isti dənizlərə birbaşa çıxışı olmayan bir imperiya idi. Baltik dənizi qışda donurdu, Şimal dənizləri isə istifadəyə yararsız idi. Odur ki, Qara dəniz - Bosfor - Çanaqqala - Aralıq dənizi xətti Rusiyanın dünya okeanlarına açılan yeganə davamlı yolu ola bilərdi. 2. İqtisadi maraqlar-XIX–XX əsrlərdə Rusiyanın taxıl ixracının 60–70%-i Qara dəniz limanlarından həyata keçirilirdi. Bu ixrac tamamilə boğazlardan asılı idi. Və Osmanlının boğazları bağlaması Rusiyanı iqtisadi iflic vəziyyətinə sala bilərdi. 3. Hərbi-strateji üstünlük- Çanaqqala boğazına nəzarət Rusiyaya Qara dəniz donanmasını Aralıq dənizinə çıxarmaq, İngiltərə və Fransaya qarşı Aralıq dənizində güc balansını dəyişmək və Balkanlar və Yaxın Şərq üzərində təsirini artırmaq imkanı verirdi. 4.Pan-slavyanizm və dini ideologiya- Rusiya özünü pravoslavların qoruyucusu hesab etdiyindən Balkan slavyan xalqlarının “hamisi” kimi rol almaq niyyətindəydi. Ona görə də İstanbulun və boğazların ələ keçirilməsi Rusiya üçün Osmanlıya simvolik ölüm zərbəsi vurmaq - Rusiyanın pravoslav dünyasında liderliyinin təsdiqi demək idi. 1914-cü ildə Osmanlı dövləti Aılmaniyanın müttəfiqi olaraq müharibəyə daxil olduqdan sonra boğazları bağladı. Nəticədə Rusiya müttəfiqləri olan İngiltərə və Fransadan hərbi yardım ala bilmədi. Əvəzində Rusiya Çanaqqalada savaşa girən müttəfiqlərini dəstəklədi. O müttəfiqlər- Fransa və İngiltərə qalib gələcəkləri təqdirdə Rusiyaya boğazlara sahib olacağına dair vəd vermişdilər. Ona görə də Çanaqqala Rusiya üçün sadəcə, bir boğaz deyildi, bu sırf bir imperiya məsələsi idi...
Birinci Dünya Müharibəsi zamanı Britaniya üçün boğazların əhəmiyyəti Rusiyanın Qara dənizə çıxışını nəzarətdə saxlamaq və Aralıq dənizinin şərqinə genişlənməsinin qarşısını almaqla, strateji hərbi və kommersiya tranzit yolunu təmin etmək idi. Bu məqsədlə, müharibənin əvvəlində Britaniyanın Boğazlar Müqaviləsində Boğazları Rusiyaya verməyə razı olduğunu göstərsə də, bu, əslində Rusiyanı müharibədə saxlamaq və İngiltərənin gələcək maraqlarını təmin etmək üçün gizli bir manevr idi. Bu məqsədlə Sevr Müqaviləsi Boğazlar Komissiyasının yaradılmasını və İngiltərənin nəzarətini təmin etməyi hədəfləyirdi. Ümumiyyətlə, Böyük Britaniyanın Boğazlar Strategiyasında Rusiya üzərində nəzarət mühüm bir element idi. Britaniyanın məqsədi Rusiyanın Boğazlar vasitəsilə Aralıq dənizinə və Yaxın Şərqə genişlənməsinin qarşısını almaq və Rus donanmasını Qara dənizdə məhdudlaşdırmaq idi. Digər tərəfdən Boğazlar həm dəniz ticarəti, həm də hərbi hərəkət üçün əsas nöqtə olduğundan Britaniya bu tranzit yolunun öz nəzarəti altında olmasını və ya heç olmasa Rusiyanın onu təkbaşına idarə etməsinin qarşısını almaq istəyirdi. (Buna nail olmaq üçün bağlanan sazişlərlə (I Dünya Müharibəsinin əvvəlində Rusiya ilə Boğazlar Müqaviləsi və Sevr müqaviləsi) Bosfor və Dardanel boğazlarını Rusiyaya verdi. Lakin bu, Britaniyanın Rusiyanı müharibədə saxlamaq və Osmanlı İmperiyasının süqutundan sonra bölgəni formalaşdırmaq üçün son planının bir hissəsi idi. Müharibədən və Osmanlı İmperiyasının süqutundan sonra Sevr Müqaviləsi Boğazların beynəlxalq komissiyanın tabeliyinə veriləcəyini və sədrliyin əsasən Böyük Britaniya, Fransa və İtaliya kimi müttəfiqlər arasında növbə ilə həyata keçiriləcəyini nəzərdə tuturdu. Bu, Britaniyaya Boğazlar üzərində effektiv nəzarət imkanı verəcəkdi.) Qısacası, Böyük Britaniya üçün Boğazlar Rusiyanın gücünü məhdudlaşdırmaq, Aralıq dənizinə çıxışını kəsmək və həm ticari, həm də hərbi cəhətdən strateji üstünlüyünü qorumaq üçün həyati əhəmiyyət kəsb edirdi.
Hələ B. Napoleon hakimiyyəti dönəmində Boğazlar Fransanın maraq dairəsində idi. Napoleon Misir yürüşü zamanı (1798-1801) Osmanlı və İngiltərə maraqlarının ortasında idi. Bu dövrdə Fransa Çanaqqala və İstanbul boğazlarını strateji baxımdan önəmli hesab edirdi. Çünki boğazlar Rusiyaya və İngiltərəyə qarşı hərbi və ticarət manevrlərinə imkan verirdi. 1800–1850-ci illərdə Fransa boğazlar üzərində təsir əldə etmək istəyirdi. Buna səbəb Osmanlı dövlətinin zəifləməsi oldu. Məqsəd əsasən ticarət və diplomatik üstünlük qazanmaqdan ibarət idi. Fransa Qərbi Avropa ilə Rusiya arasında balans yaratmaq üçün boğazların nəzarətini xüsusi strateji əhəmiyyət kəsb etdiyini hesab edirdi. Sadəcə, Birinci Dünya Müharibəsi öncəsi Fransa rəsmi olaraq Osmanlı boğazlarını işğal etməyə hazır deyildi, amma İngiltərə ilə birlikdə Osmanlı imperiyasının zəifləməsini izləyirdi. Fransa daha çox Aralıq dənizi və Şərqi Aralıq regionunda təsirini genişləndirməyi qarşısına hədəf qoymuşdu. Digər tərəfdən Fransa Osmanlı torpaqlarının bölüşdürülmə prosesində iştirak etmək iddiasına düşmüşdü. Yekun olaraq demək mümkündür ki, Fransa Osmanlı boğazlarına strateji marağını XIX əsrin əvvəllərindən etibarən Napoleon dövründə göstərmiş, Osmanlı zəiflədikcə bu maraq daha açıq və planlı şəkildə ortaya çıxmışdır...
İmperialist güclərin Çanaqqala və digər boğazları ələ keçirmək istəklərinin səbəblərinə diqqət yetirdikdən sonra Mustafa Kamalın bu savaşda bir sərkərdə olaraq hərbi dühasını xüsusi olaraq qiymətləndirmək gərəkdir. Çanaqqala Zəfəri təkcə Osmanlı dövləti üçün deyil, XX əsr dünya tarixi baxımından da çoxşaxəli və həlledici olmuşdur. Bu önəmi bir neçə əsas istiqamətdə ümumiləşdirmək olar: 1. Osmanlı dövlətinin siyasi və mənəvi dirçəlişi- Çanaqqala Zəfəri Osmanlı imperiyasının “xəstə adam” kimi qəbul edildiyi bir dövrdə qazanılmış nadir və simvolik qələbə idi. Bu zəfər: Osmanlının hələ də hərbi-siyasi gücə malik olduğunu sübut etdi; Cəmiyyətdə itirilmiş özünəinamı və milli ruhu bərpa etdi; Dağılma prosesində olan bir imperiyada mənəvi dirəniş yaratdı. 2. İstanbulun işğalının qarşısının alınması- Antanta dövlətlərinin əsas məqsədi Çanaqqala boğazını tutaraq: İstanbulu ələ keçirmək, Osmanlını müharibədən çıxarmaq və Rusiyaya təhlükəsiz yardım yolunu açmaq idi. Bu planın iflasa uğraması Osmanlının müharibədə daha bir neçə il dayanmasına şərait yaratdı. Ən başlıcası isə Rusiya ilə müttəfiqlər arasında əlaqəni kəsdi və sonradan Rusiyada daxili böhranları dərinləşdirdi. 3. I Dünya müharibəsinin gedişinə təsiri- Çanaqqala zəfəri Antanta üçün böyük insan itkisi və strateji fiaskoya, müharibənin uzanmasına və resursların tükənməsinə səbəb oldu. Rusiya imperiyasının zəifləməsinə dolayısı ilə töhfə verdi. 4. Mustafa Kamal Atatürkün tarix səhnəsinə çıxışı- Çanaqqala zəfəri Mustafa Kamalın hərbi və siyasi lider kimi formalaşmasında həlledici rol oynadı. Onun strateji qərarları, əsgərlərlə birbaşa təması və yüksək məsuliyyət hissi xalq arasında geniş etimad qazandı. Bu nüfuz 1919-cu ildən sonra başlayan milli mübarizənin liderliyini üzərinə götürməsini mümkün edən əsas amillərdən biri oldu. Çanaqqala Atatürkün liderlik qabiliyyətinin üzə çıxdığı həlledici məqamdır. Onun “mən sizə hücum əmr etmirəm, ölməyi əmr edirəm” kəlamı hərbi tarixə düşdü. Qazandığı nüfuz sonradan Türkiyə Cümhuriyyətinin qurulmasının ideoloji və siyasi təməlini formalaşdırdı. Ən əsası isə Türk milli hərəkatının lideri kimi qəbul edilməsinin yolu açıldı. 5. Müstəmləkə xalqlarına təsiri- Çanaqqala zəfəri Asiya və Afrikadakı müstəmləkə xalqlara “Avropa imperiyaları məğlubedilməz deyil” düşüncəsini aşıladı. Xüsusilə müsəlman və türk dünyasında anti-imperialist ruhu gücləndirdi. 6. Türk milli kimliyinin formalaşması- Çnaqqala zəfəri Osmanlıçılıqdan türk milli şüuruna keçidin ideoloji zəminini gücləndirdi. “Çanaqqala ruhu” anlayışı fədakarlıq, vətənpərvərlik və birlik simvoluna çevrildi və sonra Qurtuluş Savaşının mənəvi dayaqlarından biri oldu...
Çanaqqala zəfəri təkcə Osmanlı imperiyasının qazandığı hərbi uğur deyil, həm də XX əsr tarixinin siyasi və ideoloji istiqamətini dəyişən hadisədir. Bu zəfər imperiyanın süqutunu müvəqqəti də olsa ləngitmiş, türk milli şüurunun formalaşmasını sürətləndirmiş və Mustafa Kamal Atatürkün liderliyə gedən yolunu açmışdır. Çanaqqala zəfəri “bir savaşdan daha artıq” məna kəsb edərək, bir millətin yenidən doğuluşunun tarixi başlanğıcı kimi dəyərləndirilməlidir...
Haşiyə- Dəyərli oxucu, Mustafa Kamal Atatürkün Çanaqqala savaşındakı Zəfərinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini daha aydın şəkildə anlamaq üçüb aşağıda yazılanları diqqətlə oxumanı rica edirəm.
"İstanbul bizim olmalıdır, bəli, İstanbul ruslar tərəfindən fəth ediləcək, türklərdən əbədi olaraq bizə keçəcək. Qısacası, o, yalnız bizə məxsus olmalıdır, onu ələ keçirdikdən sonra bu şəhərə slavyanları və sonra istədiyimiz hər kəsi gətirəcəyik. İstanbula, Boğaziçinə və körfəzlərə yalnız Rusiya sahib olacaq. İstanbulda ordu və donanma yerləşdiriləcək,qalalar və divarlar tikiləcək..." Bu sətirləri yazan Fyodor Dostoyevskidir. O, türklərin İstanbuldan və Anadoludan qovulub Asiya çöllərinə sürgün edilməsini, xilafətin kobud güc və siyasətlə deyil, ağıllı hərəkət etməklə ləğv edilməsini, İstanbulda pravoslav xristian inancının yayılmasını, İstanbulu fəth etdikdən sonra türklərə və müsəlmanlara silah gəzdirmək qadağan edilməsini, Ayasofiyanın patriarx tərəfindən təqdis edilməsini və kilsəyə çevrilməsini təklif edir...
Çanaqqala zəfəri dünya tarixşünaslığında I Dünya müharibəsinin strateji dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Müxtəlif ölkələrin tarixçiləri bu döyüşü təkcə hərbi əməliyyat kimi deyil, imperiya siyasətlərinin iflası, milli iradənin gücü və modern müharibə anlayışının dəyişməsi baxımından da təhlil edirlər. Britaniyalı və fransız tarixçilərin böyük qismi Çanaqqala müharibəsini Antanta dövlətlərinin ən böyük strateji səhvlərindən biri hesab edir. Avstraliya əsilli İngiltərə yazarı Alan Moorehead 1956-cı ildə nəşr etdirdiyi “Gallipoli” kitabında yazır ki, Çanaqqala əməliyyatı “kağız üzərində parlaq, reallıqda isə fəlakətli plan” idi.Digər bir İngiltərə tarixçisi və yazarı Liddell Hart bu döyüşü komandanlıq, logistika və kəşfiyyat sahəsində buraxılmış sistemli səhvlərin klassik nümunəsi adlandırır. Ümumiyyətlə, Qərb tarixşünaslığında əsas fikir belədir: “Dəniz gücü təkbaşına qalibiyyət gətirmədi və quru müqaviməti həlledici oldu.” Dünya tarixçiləri arasında xüsusi vurğulanan məqam Mustafa Kamal Atatürkün roludur. Kitabın əvvəlində adlarını xatırlatdığım Andrew Mango və Erik Zürcher Mustafa Kamalı “Çanaqqalanın taktiki beyni” adlandırır. Avstraliyalı tarixçi Les Carlyon onu “döyüşün gedişatını dəyişən komandan” kimi təqdim edir. Bir çox dünya tarixçisi Çanaqqalanı imperiya dövrlərinin qürubu kontekstində dəyərləndirir. Osmanlı üçün bu zəfər son böyük hərbi uğur, Britaniya üçün isə imperiya məğlubiyyətlərinin başlanğıcı hesab edir. Fransız tarixçi Jean-Baptiste Duroselle qeyd edir ki, “Çanaqqala sübut etdi: texnoloji üstünlük xalq iradəsi qarşısında aciz qala bilər.” Bəzi dünya tarixçilərinin gözündə Çanaqqala zəfəri texnikaya qarşı iradənin, imperiya gücünə qarşı xalq müqavimətinin, məğlubiyyətdən isə yeni dövlətlərin doğulduğu tarixi andır. Avstraliya və Yeni Zelandiya tarixçiləri üçün Çanaqqala milli kimliyin formalaşma nöqtəsidir.Onların fikrincə, Çanaqqala məğlubiyyət olsa da, ANZAC ruhu bu döyüşlə doğuldu. Bu iki ölkələrin tarix kitablarında Osmanlı əsgərinə və Mustafa Kamala böyük ehtiram və hörmətlə yanaşılır. Mustafa Kamal Atatürkün ANZAC əsgərlərinin analarına müraciəti isə (“Bu torpaqlarda qanlarını tökən qəhrəmanlar!
Siz indi dost bir ölkənin torpağında uyuyursunuz. Rahat yatın.
Connilərlə Mehmetlər arasında artıq heç bir fərq yoxdur – burada, bu torpaqlarda yan-yana uyuyurlar. Uzaq ölkələrdən övladlarını döyüşə göndərən analar! Göz yaşlarınızı silin. Oğullarınız artıq bizim qoynumuzdadır, sülh içindədirlər. Bu torpaqlarda həyatlarını itirdikdən sonra onlar artıq bizim övladlarımız olublar.”) dünya tarixşünaslığında humanist liderlik nümunəsi kimi qiymətləndirilir...
Çanaqqala Müharibəsi Mustafa Kamala nə verdi?
Çanaqqala zəfəri Mustafa Kamal üçün həm şəxsi hərbi karyerası, həm də sonrakı siyasi–tarixi missiyası baxımından həlledici əhəmiyyət daşıyırdı. Bu önəmi bir neçə əsas müstəvidə izah etmək olar: 1. Hərbi lider kimi doğuluşu- Çanaqqala döyüşləri Atatürkü sıravi bir Osmanlı zabitindən strateji düşünən, təşəbbüskar və risk alan bir komandan səviyyəsinə yüksəltdi. Xüsusilə 19-cu diviziyanın komandanı kimi verdiyi müstəqil qərarlar (Conkbayırı və Anafartalar) döyüşün taleyini dəyişdi.“Mən sizə hücum etməyi deyil, ölməyi əmr edirəm” əmri onun hərbi fəlsəfəsini və liderlik ruhunu simvolizə etdi. Bu zəfər Atatürkün özünə və qabiliyyətinə sarsılmaz inam yaratdı. 2. Xalqın gözündə milli qəhrəman statusu- Çanaqqala Osmanlı üçün yalnız hərbi uğur deyil, milli dirənişin simvolu idi. Mustafa Kamal ilk dəfə olaraq geniş xalq kütlələri tərəfindən tanındı və sevildi. Bu tanınma olmasaydı, 1919-cu ildə Anadoluya keçərkən xalqın ona inanması və arxasınca getməsi çox çətin olardı. Çanaqqala Atatürk üçün milli liderliyə gedən yolun legitim başlanğıcı oldu. 3. Osmanlı sisteminə tənqidi baxışın formalaşması Döyüşlər zamanı Atatürk Osmanlı ordusundakı idarəçilik zəifliklərini, Alman zabitlərinin təsirinin bəzən yerli reallıqlara uyğun gəlmədiyini, saray–ordu–xalq arasındakı uçurumu açıq şəkildə gördü. Bu qənaət sonradan onu respublikaçı, dünyəvi və milli dövlət modelinə yönəldən düşüncə bazasını gücləndirdi. 4. “Türk milləti məğlubedilməz deyil, amma yox da edilə bilməz” fikrinin doğulması. Çanaqqalada texniki və maddi baxımdan üstün İngiltərə və Fransa qüvvələri məğlub edildi Bu fakt Atatürkün şüurunda mühüm bir qənaət yaratdı: Doğru rəhbərlik və milli ruh olduqda, türk milləti hər cür işğala qarşı dura bilər. Bu ideya Qurtuluş Savaşının psixoloji əsasını təşkil etdi. 5. Atatürkün tarix qarşısında məsuliyyət hissinin yaranması- Çanaqqala Atatürk üçün sadəcə bir zəfər deyildi, həm də minlərlə gəncin şəhid olması, Bir nəslin cəbhələrdə itirilməsi demək idi. Bu, onda belə bir düşüncə yaratdı: Bu xalq bir daha macəraçı siyasətlərin qurbanı olmamalıdır. Ümumiləşdirsək, Çanaqqala zəfəri Atatürk üçün Hərbi liderliyin sübutu, Milli liderliyə gedən yolun başlanğıcı, eni dövlət fəlsəfəsinin intellektual və mənəvi bünövrəsi idi. Əgər Çanaqqala olmasaydı, böyük ehtimalla Atatürk də, Türkiyə Cümhuriyyəti də bu formada tarixə çıxmazdı...
Çanaqqala müharibəsinin Mustafa Kamala verdiyi əsas dərslər
1. “Millət amili”nin həlledici rolu- Mustafa Kamal Çanaqqalada anladı ki: silah və texnika yox, vətən uğrunda ölməyə hazır millət müharibəni qazanır. Bu dərs sonradan onun “Xətti müdafiə yoxdur, səthi müdafiə vardır” prinsipində öz əksini tapdı. 2. Müstəqilliyin yalnız xalq iradəsi ilə qoruna biləcəyi - Çanaqqala göstərdi ki: xarici güclər Osmanlını parçalamaq niyyətindədir və imperiya diplomatiyası artıq iflas edib. Bu, Atatürkü belə bir qənaətə gətirdi: Qurtuluş yalnız milli iradəyə söykənən bir dövlətlə mümkündür. 3. Komandanın şəxsi məsuliyyəti- Çanaqqalada Mustafa Kamal mərkəzdən əmr gözləmədən qərar verdi, təşəbbüs göstərdi, nəticəyə görə məsuliyyəti öz üzərinə götürdü. Bu dərs sonradan onun dövlət idarəçiliyindəki lider mərkəzli, amma rasional qərar mexanizminin təməlini qoydu. 4. Müharibənin dəhşəti və sülhün dəyəri -Çanaqqala minlərlə gəncin həyatına son qoydu. Atatürk bu fəlakəti birbaşa yaşadı və sonradan onun düşüncəsində belə bir prinsip formalaşdırdı: “Yurdda sülh, cahanda sülh.” Bu prinsip onun militarist deyil, məsuliyyətli dövlət qurucusu olduğunun əsas göstəricisidir. 5. Çanaqqaladan Cümhuriyyətə uzanan yol- Çanaqqala Atatürk üçün hərbi şöhrət deyil, dövlət quruculuğu üçün dərs kitabı idi. Çanaqqala savaşı Atatürk üçün bir başlanğıc nöqtəsi, Osmanlı zabitindən millət liderinə çevrilmə anı, müasir Türkiyənin ideoloji və strateji təməli sayıla bilər...
Haşiyə- Dəyərli oxucu, dərindən təhlil etdikdə Çanaqqaladan Qurtuluş Savaşına gedən yol aydın görünür. Çanaqqala Mustafa Kamal üçün sadəcə bir hərbi zəfər deyildi, bu təcrübə ona milli müstəqillik ideyasının praktik əsası oldu. Döyüşlərdə düşmənin hərbi üstünlüklərinə baxmayaraq, qətiyyət və milli ruhla qalib gəlməyin mümkün olduğunu öyrəndi. 1919–1922-ci illərdə Anadoluya keçərək başlatdığı Qurtuluş Savaşı zamanı eyni strategiya və psixoloji yanaşmanı tətbiq etdi. Əsgərlərə və xalqa qətiyyət aşıladı. Çanaqqalada uğursuz görünən vəziyyətləri milli ruh və təşkilatlanma ilə qələbəyə çevirə biləcəyini göstərdi. Başqa sözlə, Çanaqqala onun üçün həm özünəinam mənbəyi, həm də strateji təcrübə məktəbi oldu. Çanaqqala zəfəri həm də Atatürk üçün Osmanlı dövrü ilə yeni milli dövr arasında bir dönüş nöqtəsi idi. Osmanlı dövründə Mustafa Kamal zabit kimi əmrləri icra edirdi, amma döyüşlər zamanı öz təşəbbüsü ilə qərarlar verməyi və məsuliyyət daşımağı öyrəndi. Çanaqqala ona göstərdi ki, milli maraqların qorunması üçün mərkəzi saray və imperiya idarəsi kifayət etmir. Xalqın, ordunun və liderin birlikdə fəaliyyət göstərməsi vacibdir. Bu təcrübə, sonradan Türkiyə Cümhuriyyətinin qurulmasında və yeni dövlət strukturunun formalaşmasında əsas prinsiplərin yaranmasına təsir etdi. Yəni, Mustafa Kamal Osmanlı dövrünün passiv və mərkəzləşdirilmiş idarəçiliyi ilə yeni milli siyasət arasında bir həyati fərqi gördü. Çanaqqala zəfəri o cümlədən beynəlxalq səviyyədə önəmli idi. İngiltərə və Fransa ordularının dayandırılması Osmanlı torpaqlarında qərb müdaxiləsinin heç də asan olmadığını sübut etdi. Bu hadisə Mustafa Kamal üçün xarici güclərə qarşı strategiya və diplomatiya təcrübəsi verdi. Qurtuluş Savaşı zamanı o, Çanaqqala döyüşlərindən əldə etdiyi psixoloji və taktiki üstünlükləri istifadə edərək hərbi və diplomatik manevr etmək bacarığını qazandı. Beləliklə Çanaqqala həm daxili milli ruhun, həm də xarici güclərə qarşı qətiyyətin simvolu oldu.
Bir sözlə, Çanaqqala zəfərini Mustafa Kamalın milli və hərbi lider kimi formalaşma yolunda ilk böyük imtahanı saymaq olar. Çanaqqala Osmanlı idarəçiliyi ilə milli dövlət ideyası arasındakı fərqi açıq-aşkar bəlli etdi və Qurtuluş Savaşı üçün həm taktiki, həm də psixoloji zəmin yaratdı. Eyni zamanda onun xarici güclərlə mübarizə və diplomatiya bacarığını inkişaf etdirdi. Obrazlı ifadə etsək, Çanaqqala Mustafa Kamal üçün sadəcə bir hərbi zəfər deyildi, savaş milli müstəqilliyin, liderliyin və strateji düşüncənin ilk ciddi laboratoriyası idi...



















