Bakı necə seyrələcək? - Qarabağda qurulan yeni şəhərlər - Şərh

“Prezident İlham Əliyevin yerli mediaya müsahibəsində səsləndirdiyi mesajlar bir daha göstərdi ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası təkcə dağıdılmış ərazilərin yenidən qurulması deyil, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biridir. Dövlət başçısının vurğuladığı məqamlar bu bölgələrdə həyata keçirilən işlərin miqyasını, məntiqini və strateji məqsədlərini aydın şəkildə ortaya qoyur”.

Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat deyib ki, xüsusilə Şərqi Zəngəzur kimi mürəkkəb coğrafi relyefə malik bir bölgədə ən müasir şəhərsalma prinsiplərinin tətbiqi Azərbaycanın mühəndislik, planlama və institusional potensialının göstəricisidir: “Dağlıq əraziyə baxmayaraq, regionda dördzolaqlı avtomobil yollarının, uzunluğu onlarla kilometr olan tunellərin, körpülərin və kommunikasiya xətlərinin inşası təkcə texniki deyil, həm də təşkilati baxımdan misilsiz bir təcrübədir.

Bu, Qarabağ və Şərqi Zəngəzurun “təcrübə poliqonu”na çevrildiyini göstərir: burada gələcəkdə ölkənin digər bölgələrində tətbiq ediləcək inkişaf modelləri formalaşır.

Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın ümumi iqtisadi sisteminə reinteqrasiyası nəqliyyat bağlantıları üzərində qurulur. Bərdə–Ağdam, Ağdam–Xankəndi dəmir yolları, magistral avtomobil yolları, Zəngəzur dəhlizi istiqamətində aparılan işlər regionu ölkənin əsas iqtisadi arteriyaları ilə birləşdirir.

Xankəndi–Şuşa, Şuşa–Laçın, Kəlbəcər–Laçın kimi marşrutlarda yeni tunellər və yollar məsafəni və vaxt itkisini minimuma endirir. Bu isə təkcə rahatlıq deyil, iqtisadi səmərəlilik deməkdir. İnsanların bir şəhərdə yaşayıb digər şəhərdə işləməsi mümkün olur, regional əmək bazarı genişlənir, biznes üçün yeni imkanlar yaranır”.

Deputat əlavə edib ki, cənab Prezidentin toxunduğu mühüm məqamlardan biri də daxili miqrasiya məsələsidir: “Qarabağda iri və müasir şəhərlərin salınması təkcə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmir, eyni zamanda ölkədaxili demoqrafik balansı dəyişdirir. Artıq Xankəndi, Ağdam, Füzuli kimi şəhərlər yeni cazibə mərkəzlərinə çevrilir.

Bu prosesin Bakıya və Abşeron yarımadasına birbaşa təsiri var. Paytaxtda uzun illərdir davam edən tıxac problemi, əhali sıxlığı və infrastruktur yüklənməsi mərhələli şəkildə azala bilər.  

İnanrıma ki,  Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Bakı və Abşeronda həm tıxacın aradan qalxmasına, həm də yükün müəyyən mənada azlamasına öz müsbət təsirini göstərəcək. İnsan axınının Bakıya deyil, əksinə, Qarabağ və Şərqi Zəngəzura yönəlməsi ölkə üzrə daha balanslı inkişaf modelinin formalaşmasına şərait yaradır.

Hazırda azad edilmiş ərazilərdə 70 minə yaxın insan yaşayır və işləyir. Prezidentin açıqlamalarına əsasən, ilin sonuna qədər bu rəqəmin 120-140 minə çatması real hədəf kimi qiymətləndirilir. Bu, təkcə statistik göstərici deyil, yeni bir sosial-mədəni mühitin formalaşması deməkdir.

Artan mobillik, internet və müasir infrastrukturla təmin olunan bölgələrdə yeni həyat tərzi yaranır. “Harada iş var, orada yaşayıram” prinsipi Qarabağ və Şərqi Zəngəzuru Azərbaycanın gələcək inkişaf coğrafiyasının mərkəzinə çevirir.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi mesajlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası spontan deyil, dəqiq planlaşdırılmış, mərhələli və strateji xarakter daşıyan bir prosesdir. Enerji, su, nəqliyyat, şəhərsalma və insan kapitalı amillərinin sintezi bu bölgələri Azərbaycanın yeni iqtisadi və sosial lokomotivinə çevirir. Bu model təkcə işğaldan azad edilmiş ərazilərin deyil, bütövlükdə ölkənin gələcək inkişaf konturlarını müəyyənləşdirir”.

Mürtəza