Son günlərdə sosial şəbəkələrdə böyük supermarketlədən birində yumurta satışına məhdudiyyət qoyulması ilə bağlı fotolar yayılmaqdadır.
Lim10.az xəbər verir ki, alıcılara yumurtanın limitlə satıldığını göstərən məlumat vərəqəsi yerləşdirilib.
Bir nəfərə 30 ədəddən artıq yumurtanın satılmadığı bildirilir. Bu da bazrda yumurta qıtlığının yaranıb-yaranmaması ilə bağlı suallar doğruub.
“Bravo” marketlər şəbəkəsindən Lim10.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu hansısa qıtlıqla əlaqəli deyil:
“Bazarda yumurtanın münasib qiymətlərlə satışı BRAVO tərəfindən təmin edildiyindən bəzi hallarda kütləvi alışlar müşahidə olunur ki, bu da digər müştərilərimizin məhsulu əldə etməsinə çətinlik yarada bilir. Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilərimiz üçün əlçatan olması məqsədilə, kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib. Bu yanaşma sayəsində məhsullarımızı müştərilərimiz rahatlıqla əldə edə bilir və mağazalarımızda məhsul davamlılığı qorunur. Bu addım məhsul davamlılığını qorumağa və müştərilərimizin ehtiyaclarını tam qarşılamağa xidmət edir. Məqsədimiz münasib qiymətli məhsulların hər kəs üçün əlçatan olmasını təmin etmək və alış-verişini daha rahat etməkdir”,- deyə açıqlamada bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İctimaiyyətlə əlaqələr və analitika departamentindən Lim10.az -ın sorğusuna cavab olaraq ölkədə yumurta istehsalının tələbatdan çox olduğu bildirilib:

“Son günlər sosial şəbəkələrdə və bir sıra İnternet resurslarında “Bravo” marketdə yumurta satışına limit qoyulduğuna dair məlumat və fotolar paylaşılır. Bu paylaşımlar Azərbaycanda süfrə yumurtası qıtlığının yaranmasına dair rəy formalaşdırır. Bunu nəzərə alaraq Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxraxcatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq yoxdur.
Biz o foto ilə bağlı araşdırma apardıq. “Bravo” marketlər şəbəkəsi bayram ərəfəsində yumurta qiymətlərinə endirim tətbiq edib, satış sayına məhdudiyyət qoyub. Bu, marketinqdə geniş tətbiq olunan təcrübədir. Satış şəbəkəsi bir malın qiymətini endirməklə yanaşı, onun bir nəfərə satış həcminə də məhdudiyyət tətbiq edir.
Azərbaycanın quşçuluq təsərrüfatları hazırda ölkənin tələbatından da artıq yumurta istehsal edirlər. Hazırda ölkədə süfrə yumurtasına olan gündəlik tələbat 4,7-4,8 milyon ədəd təşkil edir. İstehsal isə 5-5,2 milyon ədəd arasındadır. Yəni gündəlik istehsal tələbatı üstələyir, hər hansı qıtlıqdan söhbət belə gedə bilməz”.
Sorğumuza cavab olaraq həmçinin yumurta satışında qiymət artımının gözlənilmədiyi bildirilib.
Billurə Yunus



















