Görüntülər mübahisə yaratdı: Süni intellektdirmi? - Rəsmi fotolar

Rusiyanın Kamçatka bölgəsində güclü qar yağıb.

Lim10.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bəzi yerlərdə qarın hündürlüyü bir neçə metrə çatıb.

Son 30 ildə yağan ən güclü qar xeyli çətinliklər yaradıb. Bəzi ev və obyektlər tamamilə qarın altında qalıb.

Yerli hakimiyyət orqanları güclü qara görə fövqəladə vəziyyət elan edib.

Kamçatkada yaranmış vəziyyətlə bağlı sosial şəbəkələrdə çox sayda foto və videolar paylaşılıb. Bəzi fotolarda 9 mərtəbəli binaların bir hissəsinin qarın altında qalması təsvir edilib.

Sözügedən fotolar sosial şəbəkələrdə insanlar arasında çaşqınlıq yaradıb.

50 mindən çox üzvü olan “Новости Камчатки - Кам 24” adlı təsdiqlənmiş teleqram səhifəsində isə qarın hündürlüyünün 20 metrdən çox olması barədə məlumat yoxdur.

Həmçinin Rusiyanın nüfuzlu "lenta.ru", “Tass” və , “Ria Novosti” xəbər agentliklərində, o cümlədən digərlərində Kamçatkadakı qar apokalipsisinə dair yerləşdirilən görüntülərdə qarın hündürlüyünün bir neçə metrdən çox olmadığı görünür.

Rusiyalı bloger Yevgeniya Qarinanın da Kamçatkadan paylaşdığı görüntülərdə qarın hündürlüyünün 20 yox, bir neçə metr olduğunu görmək mümkündür.

Nüfuzlu nəşrlərin materiallarına və Kamçatkadan yayılan videolara nəzər saldıqda binaların qarın altında qalması barədə fotoların süni intellektlə yaradıldığı güman edilir.

Qeyd edək ki, 9 mərtəbəli binaların təxmini hündürlüyü 24-25 metrə bərabərdir.

Billurə