"Azəriqaz" İB-nın idarə rəisi Azər Mustafayev özbaşınalıq edir

Zaqatala Qaz İstismar İdarəsinin əməkdaşları və abonentləri tərəfindən daxil olan müraciətlərdə idarənin rəisi Azər Musayevin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir. Anonim qalmasını istəyən idarə əməkdaşı bildirir ki, Azər Musayev rəhbərlik etdiyi müddətdə iclaslarda qeyri-etik ifadələr işlədir, işə aid olmayan mövzularda danışır, əməkdaşları açıq şəkildə təhqir edir və onları psixoloji təzyiq altında saxlayır. Onun sözlərinə görə, idarədə qorxu mühiti formalaşıb və işçilər işlərini itirməmək üçün susmağa məcbur qalırlar.

Müraciətdə qeyd olunur ki, Azər Musayev daha əvvəl Salyan regionunda və Balakən rayonunda da rəhbər vəzifələrdə çalışıb, lakin işçilərlə davranışına görə həmin ərazilərdən uzaqlaşdırılıb. İddia edilir ki, Zaqatalada da eyni idarəçilik üslubu davam etdirilir və şikayət edən əməkdaşlar əsassız töhmətlərə, saxta ittihamlara və işdən çıxarılma hədələrinə məruz qalırlar.

Əməkdaşın bildirdiyinə görə, hazırda qanunsuz qaz xətlərinin yeri dəyişdirilir, sayğaclar qəsdən passiv vəziyyətə salınaraq sonradan 1500–2000 manat qarşılığında pay torpaqlarında tikilmiş evlərə satılır. Qanunla mümkün olmadığı halda ölü adına olan qaz xətləri saxlanılır, ad dəyişikliyi üçün vətəndaşlardan 150–200 manat tələb edilir. Yeni qaz çəkilən evlərdə isə podratçı üzərindən 50 manat ödəniş verilmədikdə qazın qoşulmasına icazə verilmir. Bayram və istirahət günlərində işçilərin əlavə ödəniş olmadan işə cəlb edildiyi, etiraz edənlərə isə “istəmirsənsə, ərizəni yaz” deyildiyi də iddialar sırasındadır.

Müraciətdə həmçinin bildirilir ki, rəhbərlik işçiləri məqsədli şəkildə vətəndaşlarla qarşıdurmaya sövq edir, qazın kəsilməsi zamanı qəsdən gərginlik yaradılmasını tapşırır, yaranan insidentlərdə isə məsuliyyət sıravi əməkdaşların üzərinə atılır. İddialara görə, şəhid ailələri ilə bağlı səsləndirilən “dövlət pul verir, ondan ödəsin” kimi ifadələr də ciddi narazılıq doğurur.

Şikayətdə vurğulanır ki, idarə rəhbərinin aylıq 13 500 manat maaş və 3 500 manat bonus əldə etməsi fonunda, maaşı 500–600 manat civarında olan sıravi əməkdaşlara təzyiq göstərilir və onların qanunsuz göstərişləri yerinə yetirməyə məcbur edildiyi iddia olunur. Bildirilir ki, artıq bu cür vəziyyətə dözə bilməyən bəzi işçilər könüllü şəkildə işdən ayrılmağa məcbur qalıb.
Şikayətlər təkcə idarə əməkdaşları ilə məhdudlaşmır. Zaqatala rayon Əliabad kənd sakini, abonent Məmmədova Nailə Heydər qızı bildirir ki, heç bir əsaslı səbəb göstərilmədən onun qaz təchizatı üç ay müddətinə dayandırılıb. Yalnız baş idarəyə müraciət etdikdən və oradan qazın bərpası ilə bağlı rəsmi cavab aldıqdan sonra qaz verilişi təmin edilib. Abonent iddia edir ki, bir müddət sonra yenidən qaz təchizatı dayandırılıb və bu dəfə səbəb kimi “hörmət etməməsi” və birbaşa baş idarəyə şikayət etməsi göstərilib. Onun sözlərinə görə, bu hal açıq-aşkar təzyiq və cəza xarakteri daşıyır və vətəndaşın qanuni şikayət hüququnun pozulmasıdır.

Şikayətçilər aidiyyəti qurumları səsləndirilən iddiaları araşdırmağa və məsələyə hüquqi qiymət verməyə çağırırlar.

Qeyd edək ki, yazıda yer alan iddialar müraciət edən şəxslərin bildirdikləridir. Şikayətçilərin sayının çox olması səbəbindən digər müraciətlər növbəti yazılarda dərc ediləcək. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.