İran Azərbaycan-Ermənistan sülh danışıqlarını şərtlə dəstəkləyir
İranın Bakıdakı səfiri: "Biz Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını başqa ölkələrin maraqlarına zidd olmamaq şərti ilə dəstəkləyirik"
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan və Ermənistan arasında sülh təşəbbüsləri barədə deyib: “Beynəlxalq münasibətlərdə əsas prinsiplərdən biri odur ki, ikitərəfli və regional müzakirələrdə müxtəlif dövlətlər öz maraqlarını başqa dövlətlərin maraqlarına zidd olaraq müəyyən etməsinlər”.
“Tasnim News” xəbər verir ki, avqustun 27-də Azərbaycanda fəaliyyət göstərən 160-a yaxın rezident və qeyri-rezident səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri İkinci Qarabağ müharibəsindən sonra baş verən son proseslərlə tanış olmaq üçün işğaldan azad edilmiş Füzuli, Şuşa və Laçın dəhlizinə baş çəkiblər.
Səfərdə İranın Azərbaycandakı səfiri və hərbi attaşesi də iştirak edib. Səfər çərçivəsində jurnalistlərin suallarını cavablandıran İran səfiri Qarabağda işğal olunmuş ərazilərin azad edilməsindən və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın həyata keçirilməsindən bir daha məmnunluğunu ifadə edib.
“Biz bölgədəki yeni reallıqları dərk edirik. Lakin eyni zamanda hesab edirik ki, istənilən regional layihə bu reallıqları nəzərə almaqla baş tutmalıdır və yaxşı olar ki, region dövlətləri bütün məsələləri 3+3 platforması çərçivəsində irəli sürüb həll etsinlər”,-deyə o, vurğulayıb.
https://bit.ly/3wDZvBM