Təqaüdçülərə kartından xaricdə pul çıxarmaq yasağı

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlının iddiaları və rəsmi mövqe... 

“Təqaüdçünün kartı və onun içindəki pul kimindir?” Bu ritorik sualla tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.

M.Qəhrəmanlı daha sonra yazıb: “Ailəm Praqada yaşadığı üçün il ərzində 2-3 ay Praqada oluram. Və həmişə ABB verdiyi təqaüdçü kartımdan hər sahədə istifadə etmişdim. İki gün öncə həmin kartla təşkilatın saytı üçün ödəniş etmək istəyəndə məlum oldu ki, verdikləri kart xaricdə işləmir. ABB Səbayel filialından  bildiriblər ki, bu, bankın qəbul etdiyi qərardır. Təqaüdçülərə xaricdə öz kartından istifadə etməyə icazə yoxdur. Mənə ərizə yazdırdılar ki, xahiş edirəm mənə öz kartımdan xaricdə istifadə etməyə icazə verəsiniz. Hələ ki bir nəticə yoxdur. Bir müddət əvvəl bacım Türkiyədə olarkən o da özünün təqaüdçü kartından istifadə edə bilməyib”. 

b411f667-ecc5-45d4-8c49-4e95dda51ecb.jpeg (77 KB)

Eldəniz Əmirov 

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki,  pensiyaçıların kartının xaricdə istifadəsinə icazənin verilməməsi doğru qərar hesab edilə bilməz: “Onsuz da xaricdə bizim bank kartlarından istifadəyə dair məbləğ limitləri var. Pençiyaçıların aldıqları pensiya da məlumdur, onlar bu məbləğ limitləri keçə bilməz. Bəs o zaman digər kartlardan xaricdə istifadə olar, amma pensiyaçılara olmaz? Düşündürücü sualdır. Hər halda, bu qərarın bir məntiqi izahı olmalıdır. Bəlkə də düşünürəm ki, bank kartlarına xaricdən edilən müdaxilələr, onların məlumatlarının ələ keçirilməsi və içindəki vəsaitin qeyri-qanuni mənimsənilməsi halları daha çox pensiyaçıların başına gəlir. Çünki onlar bankomatlardan istifadə zamanı başqalarına etibar edib kömək istəməli olurlar. Bu isə kart məlumatlarının gizli götürülməsinə və xaricə ötürulməsinə imkan yaradır. Daha sonra xaricdən rahat şəkildə kartlara müdaxilə edilərək, vəsait çəkilir. Ölkə sərhədi daxilində bu proses baş verəndə isə izləmək və bu hadisəni törədənləri məsuliyyətə cəlb etmək olur, amma planetin qeyri-adekvat yerində və ya qeyri-naməlum şəraitdə bu mümkün deyil.  Buna görə də Beynəlxalq Bank pensiyaçıların kartlarındakı hesabı xarici müdaxilədən qorumaq üçün bu addımı ata bilər. Hər halda, bu mənim ehtimallarımdır”.

ABB-dən sorğumuza cavab olaraq bildirildi ki, pensiya kartlarından xaricdə istifadə ilə bağlı hər hansı qadağa yoxdur. Pensiya kartı sahiblərini mümkün risklərdən, o cümlədən son dövrlər xüsusilə geniş yayılmış kibercinayət hallarından qorumaqdan ötrü müəyyən məhdudiyyətlər tətbiq olunur. Kartından ölkə xaricində də istifadə etmək istəyən pensiyaçı müştərilər banka müraciət edərək, bu məhdudiyyəti aradan qaldıra bilərlər.

Afaq MİRAYİQ,