150 nəfərə 3 ton ərik arağı - SENSASİYA
Bir neçə gün öncə Dövlət Turizm Agentliyi “Qərbi Azərbaycan Mətbəxinin təqdimatı” adlı tədbir keçirəcəyi ilə bağlı məlumat verib. 150 nəfərin iştirakı nəzərdə tutulan tədbirin sifarşlərinin cədvəli sosial şəbəkələrdə müzakirə yaradıb.
Belə ki, açıq tender məlumatlarındakı sözügedən cədvəldə ərik arağının miqdarı 3.000 litr göstərilib.
1000 litr 1 tona bərabər olduğundan, 3000 litrin 3 ton etdiyi, bu qədər arağın isə 150 qonağın istifadəsi üçün mümkünsüz olduğu qeyd edilib.
Məsələ haqda Dövlət Turizm Agentliyindən bildirildi ki, ümumilikdə cədvəldəki məhsulların miqdarının göstərilməsində texniki olaraq səhvlərə yol verilib: “Cədvəldə 3.000 yazılıb, yəni 3 litr. Məsələn, hər hansı məhsuldan 400 kq yazılıb, əslində isə 0.4 kq olmalıdır. 150 nəfərlik tədbir üçün başa düşülən miqdarlarda - “tonlarla” və ya “yüz kiloqramlarla” məhsulun satın alınması, əlbəttə ki, heç bir məntiqə sığmır və məsələdə texniki bir səhvin olması aydın görünür”.