Bu məhsulun idxalı azaldı: qiymət artımı labüddür
Ötən il Azərbaycan 70,5 milyon dollar dəyərində 13,6 min ton çay idxal edib. Bu dövrdə ölkənin çay idxalına çəkdiyi xərc 2022-ci illə müqayisədə dəyər ifadəsində 4,9 milyon dollar azalıb. Ölkənin ötən il ərzində çay idxalının həcmi isə 2022-ci ilə nisbətən 5% azalıb. Bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,41%-ni təşkil edib. Məlumata görə, dünyada ümumilikdə, çay və qəhvənin bahalaşacağı gözlənilir. Ekspertlər isə deyir ki, dünyada çay və qəhvənin qiymətində baş verən artım Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək.
İqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açqılamasında deyib ki, Azərbaycanda çaya olan daxili tələbatın 80%-dən çoxu idxaldan asılıdır.
Onun sözlərinə görə, hazırda daxili bazarda bir qədər sabitlik müşahidə edilir: "Fevral-mart aylarından başlayaraq ərzaq məhsullarının qiymətlərində müəyyən qədər artımlar müşahidə edilə bilər".
İqtisadçı ekspert Xalid Kərimli isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, təkcə çay və qəhvənin deyil, dünyada hər hansı ərzaq məhsullarının bahalaşmasının təsirlərini Azərbaycanda da görmək mümkündür:
"Çünki dünyada hər hansısa ərzaq məhsulu bahalaşan kimi bir neçə aydan sonra ölkəmizdə də bahalaşacaq. Hətta, yerli istehsal məhsulunda da qiymət artımının baş verməsi istisna edilmir. Çünki həmin məhsul dünyada bahalaşdıqda yerli istehsalçı məhsulunu dünya bazarına çıxarmağa çalışacaq. Bu da daxili bazara öz təsirlərini göstərəcək".
Sadiq Cavadov