Nazirlik rəsmisi rüşvət almaqda təqsirləndirilir
Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 53 min manat rüşvət almaqda təqsirləndirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, R.Hacıyev CM-in 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət almaq) maddələri ilə ittiham olunur. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
R.Hacıyev ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manatı təkrarən rüşvət qismində almaqda təqsirləndirilir. Məlumatda deyilir ki, bu pul əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi məqsədilə alınıb.
Məsələ ilə bağlı R.Hacıyevin vəkillərindən münasibət öyrənmək mümkün olmayıb.