Naxçıvanda sinif otağınım tavanı çökdü - müəllimə yaralandı
Naxçıvanın Babək rayonunun Cəhri kəndində Q.Sadıqov adına 2 nömrəli tam orta məktəbdə tavanın bir hissəsinin uçduğu, tarix müəllimi Məhnurə Hüseynovanın xəsarət aldığı bildirilir.
Naxçıvan Təhsil Şöbəsinin müdiri Elşən Qəbulovun "Turan"a dediyinə görə, yanvarın 19-da məktəbin müəllimlər otağında 20 müəllim və 30 şagirdin iştirakı ilə 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib, bu vaxt tavanın suvaq qatı qoparaq tökülüb: "Onun da qalınlığı 3 santimetr olub. Düzdür, hadisə zamanı Məhnurə Hüseynova qolundan yüngül xəsarət alıb, amma yazıldığı kimi, heç kəs kəllə-beyin travması almayıb. Məhnurə xanım hazırda məktəbdədir".
O əlavə edib ki, məktəb 2007-ci ildə istifadəyə verilib və sosial şəbəkələrdəki iddiaların əksinə olaraq, prezident İlham Əliyev onun açılışında iştirak etməyib.
"Turan" M.Hüseynovanın özü ilə əlaqə yarada bilməyib.
Elm və təhsil naziri Emin Əmrullayev ötən ilin sentyabrında deyirdi ki, ölkədə qəzalı vəziyyətdə olan məktəblərin sayı 30 faiz azalıb və hazırda 634 sayda belə məktəb var: "Ya o məktəblər yenidən tikiləcək, ya da təmir olunacaq".