Ölkəmizdə soğan ixracına məhdudiyyət ARADAN QALDIRILIR? – AÇIQLAMA
Xəbər verildiyi kimi, Dünya Bankı son hesabatında, Azərbaycanın 2023-cü ildə başlatdığı soğan ixracı qadağasının bu ilin dekabrın sonuna qədər davam edəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 33 saylı qərar qəbul edib.
Qərara əsasən, şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla) və baş soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib və soğan məhsullarının ixracı müvəqqəti dayandırılıb.
Bu qadağa nə ilə bağlı tətbiq olunur və cari il ərzində qaldırıla bilərmi?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Akif Nəsirli bu qərarın əslində qadağa deyil, bir kvota olduğunu bildirib:
“Lakin ötən dövrün təcrübəsi göstərir ki, bu qərar yetərincə işlək deyil və bir il ərzində ölkədən ixrac olunan məhsulun həcmi kvotadan dəfələrlə çoxdur. Buna görə də ilin müəyyən dövrlərində daxili bazarda qıtlıq və bahalılıq müşahidə olunur. Dünya Bankının bu hesabatı da qeyd edilən məsələlərlə bağlıdır”.
“Dəqiq hesablamalar aparılmalıdır”
Hər ilin mart-aprel aylarında ölkədə soğanın bahalaşdığını xatırladan ekspert vurğulayıb ki, Nazirlər Kabineti bunu nəzərə alaraq belə bir qərar verib:
“Belə ki, bir sahibkar hər ay 1000 tona qədər soğan ixrac etmək imkanına malikdir. Düzdür, bu kvota daxili bazarı qorumaq və bahalaşmanın qarşısının alınması üçün tətbiq olunur, amma çox kəskindir. Buna görə də dəqiq hesablamalar aparılmalıdır”.
A.Nəsirli belə hesab edir ki, qərar bir qədər spesifikləşməlidir: “Yəni, yalnız dekabr, yanvar və fevral aylarını əhatə etməlidir. Belə olsa, həm sahibkarlar, həm də daxili istehlakçılar qazanclı çıxar. Digər aylarda isə ixrac olunmalı məhsulun həcmi də artır. Ölkədən hər il orta hesabla, 21 ton soğan ixrac olunur. Bu baxımdan da ixracın aylıq həcmini 10-11 min tona qədər çatdırmaq olar və yenə də 10 min ton ehtiyatda qalacaq”.
“İlin sonuna qədər qadağan aradan qaldırıla bilər”
Digər iqtisadçı-ekspert Xalid Kərimli, soğan ixracına qadağanın daxili bazarın qorunması məqsədilə tətbiq olunduğunu diqqətə çatdırdı:
“Yəni, əsas məqsəd, istehlakçının bu məhsula əlçatanlılığını təmin etməkdir. Bununla belə, ilin sonuna qədər qadağanın aradan qaldırılması ehtimalı da var”.
Onun sözlərinə görə, bu məhdudiyyət soğan istehsalçılarına mənfi təsir edir:
“Eyni zamanda, onların maraqlarının pozulmasına səbəb olur. Halbuki, o öz məhsulunu xaricə daha baha qiymətə sata və ciddi qazanc əldə edə bilərdi. Fermer üçün məhsulunun yerli və ya xarici istehlakçı tərəfindən alınması maraqlı deyil”.
Ekspert bu məhdudiyyətin əslində müvəqqəti xarakter daşıdığını bildirib:
“Ona görə ki, hazırda beynəlxalq vəziyyət çox qarışıqdır. Xüsusilə də Qərb dövlətləri tərəfindən Rusiyaya və İrana qarşı ciddi sanksiyalar tətbiq olunur və onlar öz məhsullarının ixracını həyata keçirə bilmirlər”.
Rövşən Ziya