“Azəriqaz”ı üzüaşağı çevirib, silkələyib hamısını tökmək lazımdır! – Mirvari Qəhrəmanlı
Dəm qazından zəhərlənmə yenə gündəmdədir. Bu gün paytaxtın Nərimanov rayonu ərazisində dəm qazı daha bir ailənin faciəsinə səbəb olub. 2001 və 2002-ci il təvəllüdlü qardaşlar Sərxan Həsənov və Əli Həsənov yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər. Nədir bu qədər faciələrə yol açan səbəb? Qazın tərkibi, yoxsa istifadə edilən avadanlıqlar? Sosial şəbəkələrdə vətəndaşlar qazın qiymətinin də bu hadisələrə səbəb olduğunu bildirirlər. Qeyd edilir ki, limiti aşdıqdan sonra hədsiz baha başa gələn təbii yanacağa qənaət məqsədilə kustar üsullarla hazırlanmış keyfiyyətsiz avadanlıqlardan istifadə dəm qazından zəhərlənmələri artırır. Bu iddialar nə dərəcədə doğrudur?
Qeyd edək ki, dəm qazının mənzilə yığılması nəticəsində tənnəffüs prosesində tədricən insanın ağ ciyərləri və sinir sistemi zəhərlənərək huşunu itirməyə, ölümə gətirib çıxarır. Kimyəvi adı karbon monoksid olan dəm qazı iysiz, rəngsiz olur. Təbii qazın emalı zamanı tərkibinə xüsusi maye - odarant (etil spirti) qatmaqla dəm qazından ayırd etmək imkanı yaranır.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı AFN.az-a açıqlamasında bildirdi ki, bütün bu halların günahkarı “Azəriqaz” İstehsalat Birliyidir: “Həftədə bir dəfə şou düzəldirlər, suallara cavab verib dağılırlar. Heç bir problem də həll edilmir. Qaz emal edilərkən əhaliyə satılan qaza xüsusi maddə vurulur iy vermək üçün. Qaz sızması olanda həmin maddənin iyi ətrafa yayılır və hiss edilir. İndi ən çox şikayət o iyin olmamasındandır. O vaxt ceyran peçi deyilən qızdırıcıdan istifadə edirdik, gecə-gündüz işləyirdi, bir dənə də zəhərlənmə olmurdu. Niyə? Çünki qazın tərkibi normalara uyğun idi. Lökbatanda bir binada qazdan kütləvi zəhərlənmə oldu, heç kim sübut edə bilmədi onun səbəbinin qazın tərkibi olduğunu. Min dənə açıqlama verdilər, yozdular. Bir neçə il əvvəl nəzarəti FHN-ə vermişdilər, onda mənim yadımdadır, qızımgildə idim, gəldilər yoxlamağa. Yəni tərpəniş vardı. Amma indi təzədən qaytarıb veriblər “Azəriqaz”a. Bizdə bir qurum qazı həm çıxarır, həm emal edir, həm də satır. Mənim qızım Çexiyada yaşayır, mən hər il onun yanına gedirəm. Orda bu işlər başqa cür idarə edilir, rəqabət var, kim yaxşı xidmət edir əhali onu seçir. O qurumların əməkdaşları mütəmadi olaraq cihazları yoxlayırlar, bir gün əvvəldən binalara yazır yapışdırırlar ki, filan saatda yoxlama aparılacaq. Həmin saatda da əllərində cihazlar, avadanlıqlar gəlir yoxlama aparırlar, çatışmazlıqları aradan qaldırırlar. Ona görə orda qazın səbəb olduğu ölüm halları, demək olar ki, yoxdur”.
M.Qəhrəmanlının sözlərinə görə, Azərbaycanda bu cür yoxlamalar həyata keçirilmir: “Burda nə yoxlayan var, nə vətəndaşın qayğısına qalan. Bunlar nəzarətçiləri göndərirlər sayğaca müxtəlif bəhanələrlə borc yazmağa. Camaatı şərləməklə məşğul olurlar. Sayğac deşilib, 6 aylıq sərfiyyat qədər cərimə ödəməlisən! Təsəvvür edin, bu, əvvəllər 3 aylıq idi, xəlvətcə qaldırıb 6 ay ediblər. Yəni nəzarətçiləri əraziyə ya qazpulu yığmağa göndərirlər, ya da sayğacda “xəta” tapmağa. Bu, nəzarətçilərin üzərinə qoyulan qeyri-qanuni tələbdir. Bəzi binaların altı ilə qaz xətti çəkilib, heç veclərinə də deyil. “Azəriqaz”ı üzüaşağı çevirib silkələyib hamısını tökmək lazımdır! Orda əməlli-başlı yoxlamalara ehtiyac var. Pullu yoxlama yox, ciddi yoxlama. Ora ölüm yuvasıdır! Ora vaksini tapılmayan yoluxucu xəstəlikdir! Mən bu gün o gənclərin vəfatı xəbərini oxudum, çox pis oldum. “Azəriqaz” birbaşa cəzalanmalıdır bu məsələyə görə! Bütün bunlara görə bir nəfər də cəzalanmır. Niyəsini deyən yoxdur, o dəqiqə yıxırlar abonentin üzərinə. Sən qaz emalından başla! Rədd edin o cəzadan yayınan məsuliyyətsizləri! Onların tamahı ucbatından insanlarımız məhv olur. Bütün bu faciələrin məsuliyyəti “Azəriqaz”ın üzərindədir! O qurumun rəhbərliyi vəzifə səlahiyyətini yerinə yetirmədiyi üçün baş verir bu xoşagəlməz hadisələr, ölümlər”.
M.Qəhrəmanlı onu da bildirdi ki, “Azəriqaz” məişət qazının satıcısı olaraq onun tərkibinə də cavabdehlik daşıyır: “Qaz Emalı Zavodundan aldığı qazın tərkibini “Azəriqaz” mütləq yoxlamalı, sonra satmalıdır. ”