Zəncirvari qəza olan Bakı-Şamaxı-İsmayıllı yolu ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Bakı-Şamaxı-İsmayıllı yolunun buz bağlaması nəticəsində hərəkətin çətinləşməsi ilə bağlı məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lim10.az-a bildirilib ki, sözügedən yollarda avtomobillərin hərəkətində məhdudiyyət yoxdur.

“Digər aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülür. Yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün sürücülərə ehtiyatlı və diqqətli olmalarını tövsiyə edirik”, - qurumdan qeyd edilib.

16:22

“Muğanlı, İsmayıllı, Qəbələ istiqamətində hərəkət edən sürücülər qış fəslinin olduğunu nəzərə alsınlar”.

Bunu Lim10.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, ötən gün də həmin ərazidəki magistral yollarda, həmçinin kəndlərə gedən yollarda buzlaşma qeydə alınıb:

“Çox güman ki, axşama doğru və gecə saatlarında da buzlaşma olacaq. Ona görə də sürücülərdən xahiş edirik ki, həmin istiqamətlərdə, xüsusən də Muğanlı, İsmayıllı, Qəbələ istiqamətində, hərəkət edərkən qış fəslinin olduğunu nəzərə alsınlar. Gecə və səhər saatlarında mənfi temperatur qeydə alındığı üçün yollarda buzlaşma ola bilər. Bu səbəbdən nəqliyyat vasitələri yola hazırlıqlı olmalı, qış fəslinə uyğun şinlərdən istifadə edilməlidir”.

A.Nəcəfli qeyd edib ki, buzlaşma qeydə alınan ərazilərə duz və qum səpilir:

“Qeyd edim ki, hazırda əməkdaşlarımız ərazidə xidmət aparırlar, hər hansı problem yarandıqda texnikalar həmin yerə göndərilir, buzlaşma qeydə alınan yollara duz və qum səpilir. Hər bir halda sürücülərə ehtiyatlı olmağı və meteoroloji amilləri nəzərə almağı tövsiyə edirik”.

15:36

Şaxtalı hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında problemlər yaşanmaqdadır. Belə ki, duman və yolun buz bağlaması səbəbindən avtomobillər yolda qalıblar.

Lim10.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə qeyd olunur ki, Bakı-Şamaxı-İsmayıllı yolu buz bağlayıb. Qobustan ərazisində, Muğanlı-İsmayıllı yolunda, Mərəzədə avtomobillər yolda qalıblar. 

İsmayıllı-Muğanlı yolunda bir neçə avtomobilin iştirakı ilə qəza baş verib. 

Həmin görüntüləri təqdim edirik:

Əzizə İsmayılova