Suqovuşanda 30 ildən sonra arzularına qovuşanlar - qəsəbə seçki gününə hazırdır - REPORTAJ + FOTO

İşğaldan azad olunan Ağdərə rayonun Suqovuşan qəsəbəsində fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə hazırlıq işləri başa çatıb.

“Report”un qəsəbəyə ezam olunan əməkdaşı xəbər verir ki, burada 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 58 saylı seçki məntəqəsi yaradılıb.

Suqovuşan tam orta məktəbində yerləşən məntəqənin həyətində lövhə qoyulub, prezidentliyə namizədlərin təşviqat plakatları vurulub.

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Eyni zamanda məntəqədəki lövhədə seçicilərin siyahısı vurulub.

Seçki məntəqəsinin sədri Tural Əzimov bildirib ki, Suqovuşanda seçki məntəqəsi yeni yaradılıb və səsvermə prosesinə tam hazırdır. Onun sözlərinə görə, seçicilərə çağırış vərəqələrinin paylanmasını tam yekunlaşdırıblar.

T.Əzimov deyib ki, məntəqədə Talış kəndinə qayıdan sakinlər də daxil olmaqla 162 seçici qeydiyyatdadır: “Seçicilərimiz 30 illik fasilədən sonra fevralın 7-də öz doğma yurdlarında səsvermə hüququndan istifadə edəcəklər”.

Məntəqə sədri söyləyib ki, Suqovuşanda səs verəcək ən yaşlı seçicinin 87, ən gəncinin isə 18 yaşı var: “Seçicilərimizdən ikisi yaşlı sakindir. Bir nəfərin isə 18 yaşı bu il tamam olub. Gördüyünüz kimi, bütün ləvazimatlarımız yerindədir. Məntəqəmizdə səsvermə üçün hər bir şərait yaradılıb, ləvazimatla təmin olunub. İki səsvermə qutusu qoyulub. Onlardan biri daşınmaz, digəri isə daşınandır”.


97 saylı Tərtər-Naftalan-Goranboy Dairə Seçki Komissiyasından bildirilib ki, işğaldan azad olunan Ağdərə rayonu ərazisində digər seçki məntəqəsi Ağdərə şəhərində yerləşir. 59 saylı həmin məntəqədə 154 seçici qeydiyyata alınıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.