Masazır-Novxanı yolunda qaydalardan xəbərsiz sürücülər yolayrıcını düzgün keçmirlər - VİDEO

Masazır-Novxanı yolunda qaydalardan xəbərsiz sürücülər yolayrıcını düzgün keçmirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü yayılıb.

Belə ki, Novxanı-Masazır yolunun kəsişməsində (Duz gölünün yanında) işıqfor quraşdırılıb. İşıqforun əsas bölməsində qırmızı işıq yanan zaman Masazır istiqamətindən gələn sürücülər sola dönə bilirlər. Lakin onlar yolun hərəkət hissəsində dayanaraq Novxanı istiqamətindən gələn sürücülərə yol verirlər.

Əslində isə Masazırdan gəlib sola dönən sürücülər üstünlüyə malikdirlər. Çünki həmin vaxt digər istiqamətdən gələn sürücülər əlavə bölmədə hərəkət etmiş sayılırlar.

“Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin II hissəsində qeyd olunub ki, işıqforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

Yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən üç bal  və 80 manat məbləğində cərimə oluna bilərlər.