İran hökuməti hicabsızlığıa qarşı yeni texnologiyalardan istifadə edəcək



İran rejimi hicabsız qadınlarla mübarizə aparmaq üçün ümumi yerlərdə və ictimai nəqliyyatda üz tanıma texnologiyasından istifadə etməyi planlaşdırır.

Britaniyanın “Guardian” qəzetinin məlumatına görə, İran hökuməti 2015-ci ildən ölkə vətəndaşlarına göz skanı, barmaq izləri və üz təsvirləri kimi məlumatları saxlayan “biometrik” şəxsiyyət vəsiqələri verir.

Müşahidəçilər narahatdırlar ki, İran İslam Respublikası həm küçədə, həm də kiberməkanda məcburi hicab qaydalarını pozan insanları müəyyən etmək üçün ağıllı şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatlardan istifadə edərək üz tanıma texnologiyasından istifadə etməklə insan hüquqları pozuntularını daha da kəskinləşdirə bilər.

İranın "əxlaq polisi" qərargahının katibi Məhəmmədsaleh Haşimi Qulpayqani bu yaxınlarda verdiyi müsahibədə hökumətin prezident İbrahim Rəisinin imzaladığı fərman əsasında ictimai yerlərdə qadınların geyiminə nəzarət etmək üçün üz tanıma texnologiyasından istifadə etməyi planlaşdırdığını açıqlayıb.

"İran rejimin uzun müddətdir ki, geyim qaydalarını pozanları müəyyən etmək üçün üztanıma texnologiyasından istifadə etməyə çalışır. Bu rejim totalitar nəzarətin ənənəvi zorakı formalarını yeni texnologiyalarla birləşdirir"-deyə, Hollandiyanın Tvente Universitetinin tədqiqatçısı Azadə Əkbəri “The Guardian”a müsahibəsində bildirib.

O, rejimin həm də bu yolla xalqa mesaj verdiyini və onların bütün hərəkətlərini nəzarətdə saxladığını bildirdiyini, əhalini idarə etmək üçün qorxu üsullarından istifadə etdiyini qeyd edib.

https://bit.ly/3TR2gKf