Türkiyədə məntəqə sədri: “Seçicilər məntəqələrə yüksək əhvali-ruhiyyədə gəlirlər”
“Türkiyədə Azərbaycanın Prezident seçkisi üzrə qurulan seçki məntəqələrinə vətəndaşlarımız əvvəlki illərdən fərqli olaraq daha yüksək əhvali-ruhiyyədə gəlirlər, çünki onlar ilk dəfədir ki, bütöv Azərbaycanın qalib və qürurlu vətəndaşları olaraq bu prosesdə iştirak edirlər”.
Bu fikirləri 17 saylı Yasamal 3-cü seçki dairəsinin Azərbaycanın Türkiyədəki səfirliyində qurulan 47 saylı seçki məntəqəsinin sədri Müşfiq Məmmədov “Report”un Ankara bürosuna açıqlamasında bildirib.
“Özünüz də şahidsiniz və bugünkü seçki ab-havasından da bəlli olur ki, səfirliyimizdə qurulan seçki məntəqələrində bayram ovqatı var. Azərbaycanın ən yaşlı seçicisinin 124, ən gəncinin isə 18 yaşı var. Onları birləşdirən ortaq nöqtə budur: Biz Azərbaycan vətəndaşı olaraq bütöv Azərbaycanın, torpağı işğalda olmayan Vətənimizin seçkilərində iştirak edirik”, - deyən M.Məmmədov hesab edir ki, bu gün səsvermədə iştirak edən seçicilər öz konstitusiya hüquqlarından düzgün istifadə edəcəklər.
“Ümid edirik ki, seçicilər Azərbaycana müstəqilliyi, azadlığı, suverenliyi qazandıran namizədi seçərək, Azərbaycan naminə ədalətli seçim edəcəklər. Vətənimiz, millətimiz üçün xeyirli olsun”, - deyə sədr bildirib.
O, səfirlikdə seçicilər üçün hər bir şərait yaradıldığını da vurğulayıb: “Ankara və ətraf ərazilərdən Azərbaycan vətəndaşlarınızın rahat şəkildə gələrək seçkilərdə iştirak etməsi üçün hər bir şərait yaradılıb”.