Avropa bu qış çökə bilər...

Elbəyi Həsənli

 

"Forbes" jurnalı yazır ki, Rusiyanın bu qış qazı kəsməsi nəticəsində Avropa iqtisadiyyatı məhv ola bilər. Xüsusən Avropanın ən öncül iqtisadi gücü olan Almaniya ciddi itkilərlə üzləşəcək...

Deməli, ABŞ-ın qazı da var, nefti də. Avropa isə qaz və neft baxımından çox kasıbdır və sanballı şəkildə Rusiyadan asılıdır. ABŞ Rusiyanı sıradan çıxarmaq üçün Avropanı bir araya gətirib. Vəziyyət belədir ki, ABŞ Ukrayna və Avropa Birliyinin əli ilə Rusiya ilə vuruşur. Xırda-para itkilər verməklə bu savaşdan qalib çıxmaq istəyir.

Düşünürəm ki, Avropa Birliyi və Ukrayna ABŞ-dan daha ciddi dəstək almağa haqq edir. Amerka isə hələki elə bir fəallıq nümayiş etdirmir...

7 ay əvvəl başlamış Rusiya-Ukrayna savaşının taleyi bu qış həll olunacaqmı? Konkret nəsə demək çətindir...

Bəziləri deyir ki, Rusiya Avropaya satdığı qazı Çin, Hindistan və Pakistan kimi ölkələrə də sata bilər. Əlbəttə, bu, mümkündür. Ancaq Rusiya Avropaya 10 dollara satdığı qazı adıçəkilən ölkələrə 1 dollara güclə satır. Yəni ortada bu qədər nəhəng qiymət fərqi var...

Həm də könüllü şəkildə Avropadan çıxan Rusiyanı nə vaxtsa Avropanın enerji bazarına yenidən buraxarlarmı? Bu kimi sualların cavabı havadan asılı qalıb...

Cənab Ərdoğanın yeritdiyi siyasətin nəticəsində bu qış da Türkiyənin qaz və neft problemi olmayacaq. Hələ orası da var ki, Türkiyə-Yunanıstan müharibəsi başlasa, ABŞ və Avropa Birliyi NATO da daxil olmaqla susmalı olacaqlar. Çünki Avropa Birliyinə Rusiya qaz verməyəcək. Avropaya gedən digər qaz xətti isə Türkiyədən keçir. Yəni Türkiyə ilə savaş bu yolu da qapada bilər. Bu isə Avropanı bitirər...