"Əmlak kalkulyatoru" nədir?
"Əmlak kalkulyatoru"
Daşınmaz əmlaklarını dövlət qeydiyyatına almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var.
Bu sahədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Əmlak kalkulyatoru" elektron xidməti vətəndaşların istifadəsindədir.
"Əmlak kalkulyatoru" nə üçün istifadə olunur?
Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslərə əlavə vaxt qazandırır, prosesdə şəffaflığı və səmərəliliyi artırır.
"Əmlak kalkulyatoru"nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlak haqqında tələb olunan xüsusiyyətləri daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun rəqəmi əldə edə bilər.
Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakın qabaqcadan qeydiyyatı, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür.
"Əmlak kalkulyatoru"nu necə istifadə etmək olar?
Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) 14-cü elektron xidmət olan "Əmlak kalkulyatoru" bölməsinə daxil ola bilər.
Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.