Ağdam sənaye parkı



İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılmışdır.

Sənaye parkında işlər hansı mərhələdədir?


Sənaye parkında 190 hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənmiş və parkın baş planı hazırlanmışdır. Hazırda layihələndirmə işləri yekunlaşmaq üzrədir.

Parkın ərazisində 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmış və əraziyə 10 kV-luq elektrik xətti çəkilmiş, artezian quyusu qazılmış, mobilizasiya məqsədilə zəruri xidmət obyektlərindən ibarət olan konteyner şəhərcik salınmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır.

Sənaye parkının rezidentləri


Artıq 9 sahibkara sənaye parkının rezidenti statusu verilib:

▪️ "Dadaş-N" MMC – “Müxtəlif çeşidli sintetik xalça istehsalı” layihəsi;

▪️ “Veliev” MMC – “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi;

▪️ “Ağtekstil” MMC – “Uniforma, xüsusi və fərdi geyimlərin istehsalı” layihəsi;

▪️ “Prof-Dam” MMC – “Dam örtüklərinin istehsalı” layihəsi;

▪️ “Metkons” MMC – “Havalandırma, yanğınsöndürmə avadanlıqlarının və metal məmulatların istehsalı” layihəsi;

▪️ "Agah Group" MMC – "Metal profil və anbar stellajlarının istehsalı" layihəsi;

▪️ "Expert Services FZE" Məhdud Məsuliyyətli Azad Zona Müəssisəsinin Azərbaycandakı Nümayəndəliyi – "Ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı" layihəsi;

▪️ “Smartpoint” MMC – “Günəş enerjisi ilə qidalanan işıq dirəkləri və digər qurğuların istehsalı” layihəsi;

▪️ “Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC – “Polimer məhsulların istehsalı” layihəsi.