Yerüstü piyada keçidlərində insan ayağı dəyməyən liftlər: Təmir bahadır, yoxsa xidmət haqqı? - AÇIQLAMA + FOTO
Bakının insanyönümlü şəhərə çevrilməsi istiqamətində görülən işlər çoxdur. Yaşıllıq zolaqlarının sayının artırılması, sakinlərin istirahətinin təmin edilməsi üçün parkların salınması və s. Amma atalar demiş, hər gözəlin bir eybi var - yerüstü piyada keçidlərində liftlər var ki, hələ bir dəfə də olsun, insan ayağı dəyməyib. Ya da dəyib, amma cəmi bir-iki dəfə. Sonradan isə xarab olub.
Zaman-zaman paytaxtın bir çox istiqamətlərində yerləşən piyada keçidləri, parkları ilə bağlı analoji şikayətlər edilir.
Liftlərin işləməməsi daha çox yaşlılara, xəstələrə, eləcə də uşaq arabası ilə hərəkət edənlərə ciddi problem yaradır. Liftdən yararlana bilməyən bəzi piyadalar yolu keçiddən deyil, maşınların hərəkət zolağına çıxaraq keçirlər. Bu zaman da həm piyadanın özü, həm də sürücülər üçün ciddi təhlükə yaranır.
Məsələ ilə bağlı aidiyyəti qurumlardan zaman-zaman alınan cavablarda həmin liftlərin bir neçə adıçəkilməyən detallarında yaranan problem səbəbindən işləmədiyi qeyd edilir. Əlavə olaraq, həmin detalların dəyişdirilməsi üçün sifariş verildiyi deyilsə də, üstündən aylar keçir, amma həmin detallar gəlib çıxmır ki, çıxmır.
Elə bu tapılmayan detalların izinə özümüz düşmək istədik. Liftin istismarına mane olan həmin böyük problemlər, tapılmayan detallar hansılardır?
Lim10.az mövzu ilə əlaqədar paytaxtda liftlərin təmiri və bərpası ilə bağlı xidmət göstərən şirkətlərdən birinin eksperti Toğrul Adilov ilə danışıb.
T.Adilov bildirib ki, liftlərin istismarına maneə yaradacaq problemlər müxtəlif ola bilir və bu barədə dəqiq məlumat vermək üçün mütləq qaydada həmin sistemə baxış keçirmək önəmlidir:
“Yaxın dövrlərdə qeyd etdiyiniz ictimai yerlərdə quraşdırılan liftlərin istismar müddəti 15-20 ildir. Bunun üçün, təbii ki, liftlərə vaxtlı-vaxtında servis xidməti göstərilməlidir. Amma hər hansı bir xırda detalın xarab olması liftin uzun müddət işləməməsinə əsas gətirilə bilməz. Məncə, bu, o qədər də həqiqəti əks etdirmir. Bəzən problem qurumlarda və ya liftlərə nəzarət edən şirkətlərdə olur. Çünki elə şirkətlər var ki, balansında olduğu liftlərə aylıq müvafiq ödəniş müqabilində servis xidməti göstərir. Lakin aidiyyəti qurumlar həmin servis xidməti üçün nəzərdə tutulan ödənişləri köçürmədikləri üçün liftlərə vaxtında baxış keçirilmir. Nəticədə də liftlərin fəaliyyəti dayandırılır.
Amma ümumilikdə, dediyim kimi, o liftlər 20-30 ilin liftləri deyil ki, nasazlıq olsun. Bəlkə də, elektrikə qənaət məqsədilə söndürülüb, bəlkə də, dediyim kimi, servis xidməti ödənilmədiyi üçün qulluq olunmur və dayandırılır. Çünki bəzən elektrik verilişi dayandırılanda liftin içərisində insanlar qala bilirlər. Bəzi qurumlar bu cür problemlərdən uzaq olmaq üçün də heç bir səbəb olmadan liftlərin fəaliyyətini dayandırırlar”.
Bəs şirkətlərin liftlər üçün servis xidmətinə görə aylıq ödənişləri nə qədərdir?
T.Adilovun sözlərinə görə, liftlərə servis xidmətinə görə şirkətlər o qədər də yüksək aylıq ödəniş tələb etmirlər:
“Bu rəqəm elə də yüksək deyil. Əgər Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həmin liftlərin istismarına icazə verilibsə, müqavilə əsasında xidmət göstərilir. Orta aylıq qiymət 80-100 manat aralığında dəyişir. Fərq etmir, bu lift yaşayış binasında, yoxsa ictimai yerlərdə quraşdırılıb. Bəzi şirkətlər var ki, aidiyyəti qurumlarla müqavilə üzrə çalışırlar. Lakin ödəniş dayandırıldıqda xidmət də dayanır. Sadəcə, hər kəsə “xarabdır” deyirlər. Mən düşünürəm ki, bu liftlərin fəaliyyətinin dayandırılmasında əsas səbəbkar maliyyələşdirən tərəfdir. Çünki bütün servislər istəyər ki, onların balansında olan liftlər insanlara xidmət göstərsin.
Bəzi şirkətlər var ki, müvafiq brendlərin ölkədəki distributorlarıdır və onlar detalları özləri gətirirlər. Həmin şirkətlər servis haqqını 150 manat həcmində təklif edir və liftlərə müvafiq kodlar qoyurlar. Həmin liftlərə başqa servislərin nümayəndələri müdaxilə edə bilmirlər. Obyekt sahibi də məcbur olur ki, davamlı olaraq bir şirkətlə çalışsın”.
Liftlərin fəaliyyətinin dayanmasına səbəb olacaq əsas problemlər və onların təmir qiymətləri nə qədərdir?
Ekspert bildirib ki, liftdə əsas problem onun mühərrikində yarana bilir və ən bahalı detal odur:
“Mühərrik yana bilər ki, onun qiyməti üç-dörd min ABŞ dollarıdır. İdarəetmə paneli yana bilər. Onun içərisində olan platanın ən bahalısının qiyməti 1500-2 min dollar aralığında dəyişir. Başqa orada elə bir bahalı detal yoxdur ki, liftlər uzun müddət bağlı qalsın.
Digər problem trosla bağlı ola bilər. Fərz edək ki, o liftlərə 200-300 metrlik tros işlənir. Onun da metrini beş manatdan hesablasaq, ümumilikdə 1 000-1 500 manat pul tutur. Liftin ötürücü qasnaqları var, onlar yeyilə bilər. Onların da qiyməti 700-800 manat olur. Başmaqlar yeyilə bilər, onun da qiyməti baha deyil -cəmi 300-400 manat olur”.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Lim10.az-a bildirib ki, hazırda paytaxtın Xətai rayonu, Neapol dairəsindəki yerüstü piyada keçidinin lifti işləmir:
“Sözügedən Neapol dairəsindəki lift yaxın müddətdə işlək vəziyyətə gətiriləcək. Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidəki yerüstü piyada keçidində quraşdırılan lift işlək vəziyyətdədir. Ümumilikdə isə bu istiqamətdə agentliyimizin xüsusi təmir briqadaları fəaliyyət göstərir. Hər hansı piyada keçidinin liftində problem olarsa, dərhal əraziyə baxış keçirilir. Əgər liftin yerindəcə təmiri mümkündürsə, təmir edilir. Yox, əgər mümkün deyilsə, hər hansı detalın təmirinə ehtiyac varsa, müvafiq sexlərimizdə təmir edilir. Bəzən hər hansı hissəsinin ümumiyyətlə dəyişdirilməsi zərurəti yaranır, bu isə zaman alır. Çünki bu detallar ölkəmizdə istehsal olunmur deyə xarici ölkələrdən sifarişlə gətirilir. Sifarişin verilməsi, gətirilməsi müəyyən zaman tələb etdiyindən həmin liftlər müvafiq dövrdə çalışmaya bilər. Bu zaman ərzində ərazidə əməkdaşlarımız var, hər hansı problem zamanı dərhal bizə məlumat verilir”.
Könül Cəfərli