"Naxçıvanski"də 3 milyon yarımlıq yeyinti: "Özümüzdən adlar və rəqəmlər uydurub, kartlar açırdıq" 

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2015-2020-ci illərdə 3 milyon 450 min manatlıq yeyinti aşkarlanıb. Bunu liseyin maliyyə xidmətinin keçmiş rəisi, indi Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin müəllim Səbuhi Məmmədli deyib.
O, Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə məhkəmədə dindirilib.
Bu cinayət işiylə əlaqədar ayrı-ayrılıqla bir neçə məhkəmə araşdırması gedir. S.Məmmədli, nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov da daxil, 4 nəfərin məhkəməsində dindirilib.
Bu məhkəmədə generalla birgə daha 3 nəfər - Hərbi Hava Qüvvələri maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin keçmiş rəisi Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadə mühakimə olunur. İşə Bakı Hərbi Məhkəməsində baxılır.
Şahid kimi dindirilən mayor S.Məmmədli liseylə yanaşı, 2 hərbi hissədə maliyyə xidmətinin rəisi də çalışıb. Onun sözlərinə görə, bu qurumlarda toplam 4 milyon manata yaxın yeyinti üzə çıxıb. Bunun 3,5 milyonu hərbi liseydə olub.
S. Məmmədli məhkəmədə deyib ki, Naxçıvanski adına Hərbi Liseydə bütövlükdə mövcud olmayan 57 nəfərin adına bank kartları açdırmışdılar. Həmin kartlara pullar köçürülür, oradan çıxarılıb mənimsənilirdi:
“Şəxsiyyət vəsiqəsinin nömrəsi kimi, özümüzdən rəqəmlər yazırdıq. Onu banka təqdim edib, oradan kartlar alırdıq. Nə elə vəsiqə nömrələri vardı, nə də elə adamlar. Özümüzdən adlar və rəqəmlər uydururduq”.


“Sonradan məlum oldu ki, o, həmin pulu idarəyə çatdırmayıb”


S.Məmmədlinin sözlərinə görə, rəqəmlərin şişirdilməsi nəticəsində mənimsənilən vəsaitlərin 90 faizi nazirliyin Maliyyə İdarəsindən göndərilən təftişə verilirdi:
“Təftişə Rövşən Əliyev gəlmişdi. Ona 690 min manat verdim. Sonradan Rəfael Xəlilov (Maliyyə və Büdcə İdarəsi təftiş şöbəsinin rəisi-red.) məndən daha 10 min istədi. Məlum oldu ki, 700 min verilməliymiş, 690 min olub. Bu 10 mini də ona görə istəyir. Ondan əvvəl yoxlamaya Sadıq Sadıqov gəlmişdi. Ona 600 min manat verilmişdi. Sonradan məlum oldu ki, o, həmin pulu idarəyə çatdırmayıb”.
S. Məmmədli deyir ki, yeyintidən 10 faiz də özünə çatıb. İstintaq dövründə müəyyənləşdirilib ki, ona çatan məbləğ 399 min manatdır və bunun 20 min manatını geri ödəyib.
Müxtəlif hərbi hissələrdə maliyyə xidmətinin rəisi olmuş Vüsal Məmmədli də o qurumlardakı yeyintilərdən danışıb. Onun sözlərinə görə, işlədiyi üç hərbi hissədə istintaq toplam 1,5 milyon manata yaxın yeyinti üzə çıxarıb (birində 657 min, 2-cisində 214 min, 3-cüsündə isə 500 min manat). Onun sözlərinə görə, bu pulların təxminən 600 min manatı özünə çatıb və bunun da 220 min manatını qaytarıb.
Bu şahid də mənimsənilən pulların bir bölümünün təftiş və yoxlamaya gələnlərə verildiyini vurğulayıb.
Vaxtilə təftişçi kimi müxtəlif hərbi qurumlarda yoxlama aparan Mirseyid Eyvazov da məhkəmədə dindirilib. O, şöbə rəisi Rəfael Xəlilovla birgə müxtəlif hərbi hissələrə gedib, təftiş apardıqlarını söyləyib.
Sonradan Hərbi Polis İdarəsinin maliyyə xidmətində çalışan M.Eyvazov yeyintilərdən ona da 600 min manat çatdığını etiraf edib. Müdafiə Nazirlik sistemindəki yeyintilərlə bağlı cinayət işi başladılandan sonra bunun 400 min manatını dövlətə geri qaytardığını bildirib.


“Başımın altında ilan saxlayırammış”


Təqsirləndirilən şəxslərdən polkovnik Cəlal Kazımov mövcud olmayan adamların adlarına bank kartları açılması və ora köçürülən pulların çıxarılıb mənimsənilməsi haqda şahid S.Məmmədlinin dedikləriylə razılaşmayaraq, bunu “nağıl” adlandırıb. O, bankda hesab və ya kart açdırmaq üçün mütləq şəxsiyyət vəsiqələrinin təqdim olunduğunu deyib.
C.Kazımov daha öncəki məhkəmə iclaslarında da bu barədə danışıb. Onun sözlərinə görə, əvvəllər hərbçilər üçün hərbi bilet vasitəsilə kart almaq olurdu, amma Zakir Həsənovun rəhbərliyi dövründə durum dəyişib:
General N.Məmmədov məhkəmədə bildirib ki, rəhbərlik etdiyi Maliyyə və Büdcə İdarəsində təftiş, yoxlama işləri ilə şöbə rəisi Rəfael Xəlilov məşğul olurdu:
“Mən ona inanmışam, başqa adamlarla heç nəyi dəqiqləşdirməyə ehtiyac duymamışam. Sən demə, başımın altında ilan saxlayırammış...”.
R.Xəlilov da 143 milyon manatlıq yeyintiyə görə cinayət işində həbs edilənlər arasında idi. Ancaq istintaq dövrü üçün onun haqqında seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığından, azadlığa buraxılıb. Buna baxmayaraq, o, hələ də təqsirləndirilən şəxsdir.