Nuray təcili əməliyyat olunmalıdır: “Dəyərli əşyalarımızı satsaq da, əməliyyat pulunu toplaya bilmirik” - FOTO

1 yaş 8 aylıq körpənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Leyla Ələsgərova məlumat yayıb.

O bildirib ki, övladı Nuray anadangəlmə açıq spina-bfida (onurğa patologiyası) xəstəliyindən əziyyət çəkir.

“Nuray 1 yaş 8 aylıqdır. Anadangəlmə spina-bfida xəstəliyindən əziyyət çəkir. Hamiləlik dövrü imkanımız yaxşı olmadığı üçün müayinələrdən demək olar ki, keçməmişdim. Ona görə də, övladım doğulana qədər bu xəstəliyi olduğunu bilmirdim. Nuray doğulan gündən onu müalicə edirik. Daim həkim nəzarətindəyik. Yaşı çox artmadan təcili əməliyyat olmalıdır”.

Gənc ana övladının əməliyyatı üçün 10 500 dollara ehtiyac olduğunu deyib.

“Nurayın əməliyyatı Türkiyədə yerləşən xəstəxanalardan birində olacaq. Əməliyyat üçün lazım olan məbləğin 3 000 dollarını, qızıllarımı, evdəki dəyərli əşyalarımı sataraq toplaya bilmişik. Amma digər 7 500 dolları toplamaq üçün gücümüz yoxdur. Yoldaşım fəhlə işləyir, özümüz isə kirayədə yaşayırıq. İnanın, uşaq doğulandan bir qarnı tox, bir qarnı ac yaşayırıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Nuray mənim tək övladımdır, çox balacadır. Zamanında əməliyyat olsa, demək olar ki, 90% normal uşaq kimi ola biləcək”.

Ailə ilə əlaqə: (051) 725-24-82.

Uni Bank: 5243 7544 4375 4195.