"SOCAR-da işə düzəlmək üçün 150 min manat pul istədilər..."
Sosial media istifadəçisi və məsul şəxs olan Anar Məmmədov məhkəmədən maraqlı məlumat paylaşıb...
Yazır: "...Bakı Ağır Cinayətlər Məhkəməsi "Qafqazinfo" saytının başqanı Elbrus Ərudun bacısı Aidə Seyfullayeva barəsində hökm verdi. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə A.Seyfullayevanı 7 il müddətinə azadlıqdan məhrum edib. A.Seyfullayeva Cinayət Məcəlləsinin külli miqdarda olmaqla dələduzluq etməkdə təqsirlədirilib. O, “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin rəisi Qoçəli Mahmudovun oğlu Tosif Mahmudovu SOCAR-da yüksək vəzifəyə (vitse-prezident) düzəltmək üçün 150. 000 manat istəyib. Həmin məbləğin 89.200 manatını alıb, qalan məbləği isə işə təsdiqlənəndən sonra ödənəcəyinə inandırıb. A.Seyfullayevanın barəsində başqa bir cinayət işi hazırda Xətai Rayon Məhkəməsinin hakimi Rafayıl Sadıqovun icraatındadır. Şikayətçilər Qasimov Nüsrət Ədalət oğlu (4,500 manat), Baxşəliyev Xalid Dilavər oğlu (7,500 manat) və Quluyev Natiq Tarıyel oğludur (10,000 manat) zərər çəkiblər. Maraqlı məqam odur ki, A.Seyfullayeva 13 dəfə axtarışa verilsə də, qeyri-müəyyən səbəbdən qərar icra olunmayıb. Hüquq-mühafizə orqanları onunla bağlı dərhal qərar vermiş olsaydı, A.Seyfullayeva dələduzluq əməllərini davam etdirməzdi və azyaşlı oğlu Səhlab ana qayğısından məhrum olmazdı.
Xatırladaq ki, A.Seyfullayeva 2018-ci ildə də dələduzluq əməlinə görə mühakimə olunub. Onu da əlavə edək ki, Qoçəli Mahmudovun qaynı Daşqın İskəndərov SOCAR prezidentinin müşaviridir".
"Təzadlar"