İ.Əliyev və V.Putin vəziyyəti Səmərqənddə müzakirə edəcək

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyəti sabah, 16 sentyabr tarixində müzakirə edəcəklər.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O, həmçinin bildirib ki, Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının bu həftə sərhədə gələcəyinə ümid edir: “Ümid edirik ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təftiş qrupu bu həftə KTMT-yə üzv dövlətlərin başçıları üçün hesabat hazırlamaqda ötrü sərhədə gələcək. Sabah Vladimir Putinlə İlham Əliyev arasında görüş olacaq və bu məsələ şübhəsiz ki, gündəmin əsas mövzusu olacaq", - deyə Peskov bildirib.

Qeyd edək ki, hazırda İlham Əliyev və Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərində səfərdədirlər.