Zelenski müharibədə 31 min ukraynalı əsgərin öldürüldüyünü deyir

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 25-də deyib ki, iki il öncə Rusiya işğala başlayandan 31 min ukraynalı hərbçi öldürülüb. Zelenski ilk dəfədir ölkəsinin döyüş itkilərini rəsmən açıqlayır. Prezident həmçinin ümidini bildirib ki, gələn aylarda dünya liderləri İsveçrədə bir araya gələrək onun sülhə dair baxışını müzakirə edəcəklər.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı tammiqyaslı hücuma başlayıb.


"300 min, 150 min deyil"


"Bu müharibədə 31 min ukraynalı hərbçi öldürülüb. (Rusiya prezidenti Vladimir) Putin və yalançı ətrafının dediyi kimi, 300 min, 150 min deyil. Ancaq istənilən halda, bu itkinin hər biri bizim üçün böyük qurbandır", - o vurğulayıb.
Zelenski təhlükəsizlik səbəblərindən yaralıların sayını açıqlamayacağını deyib.
Zelenski iddia edib ki, Rusiya müharibədə 180 min əsgər itirib, 500 min yaralısı var. Bu, indiyədək açıqlanan digər rəqəmlərdən çoxdur. Rusiya da müharibə itkilərini açıqlamır.


Volodimir Zelenski və Viola Amerd
Sülh konfransı gözlənilir


İsveçrə prezidenti Viola Amerd fevralın 24-də deyib ki, neytral ölkəsi bir neçə aya yüksək səviyyəli sülh konfransına ev sahibliyə etməyə ümidlidir.
"Ümid edirəm, bu (sammit) bu yaz baş tutacaq. Bu diplomatik təşəbbüsü əldən verməməliyik", -Zelenski vurğulayıb.
Zelenski vurğulayıb ki, Ukraynanın müharibədə qələbəsi Qərbin davamlı dəstəyindən asılıdır. Hazırda bu dəstək, əsasən, ABŞ-da Respublikaçılar Partiyasından konqresmenlərinin müqaviməti ilə üzləşib.
"Ukraynanın uduzması, yaxud bizə çox çətin olması, müharibədə böyük itkilər sizdən, tərəfdaşlarımızdan, Qərb dünyasından asılıdır", - Zelenski deyib.
Ukrayna prezidenti ölkəsinin vətəndaşlarını Rusiya işğalının yaratdığı çətinliklər qarşısında birlikdə dayanmağa çağırıb.


Ceyk Sallvan: "Ukrayna Rusiya ilə müharibəni uda bilər..."


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan (Jake Sullivan) deyir ki, Ukrayna hələ də Rusiya ilə müharibəni uda bilər, amma ona Qərb müttəfiqlərindən "gərəkən alətlər" lazımdır. Sallivan fevralın 25-də NBC-yə müsahibəsində deyib ki, Kiyev qüvvələri Avdeyevka döyüşlərini sursat qıtlığına görə uduzub.
Onun sözlərinə görə, Kiyevə Senatda hər iki partiyanın səs çoxluğunu qazanmış 60 milyard dollarlıq yardım paketi lazımdır: "Nümayəndələr Palatası hərəkətə keçərək onu təsdiqləməlidir".
İndiyədək ABŞ prezidenti Co Bayden (Joe Biden), NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) və bir sıra Avropa liderləri Konqresi sözügedən yardım paketini tezliklə təsdiqləməyə çağırıblar. Bu halda ABŞ-dan Kiyevə silah və texniki təchizatı bərpa oluna bilər.