Partlayış anında əqrəbləri dondu: Xirosimadan salamat çıxan saat hərracda satıldı - FOTO

6 avqust 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasından salamat qalan qol saatı ABŞ-də hərracda satılıb.

Bu barədə Bostondakı “RR Auction” hərrac şirkətindən bildirilib.

Mis korpuslu kiçik qol saatının əqrəbləri saat 8:15-də - atom bombasının partladığı anda “donub”. Artefakt humanitar missiya və dağıntıları qiymətləndirmək üçün göndərilmiş ingilis əsgəri tərəfindən Xirosimanın xarabalıqlarından tapılmışdı.

Saat adının açıqlanmasını istəməyən yeni sahibinə 31 min dollara (52,7 min manat) başa gəlib.

“Bu qol saatı tarixin həmişəlik dəyişdiyi anı xatırladır” ,- deyə “RR Auction”ın nümayəndəsi bildirib.