Turşsu kəndində illər sonra çərşənbə tonqalı qalanıb - FOTO
İşğaldan azad edilən Turşsu kəndində də illər sonra çərşənbə tonqalı qalanıb.
AZƏRTAC xəbər verir ki, turizm potensialı, həm də əsrarəngiz təbiəti ilə seçilən Turşsu kəndi yenidən qurulur. Elə Turşsunun yenidən qurulmasında çalışan işçilər tərəfindən kənddə uzun illər sonra çərşənbə tonqalı alovlandırılıb. İnanclara görə tonqalda köhnə illərin ağrı-acıları və uğursuzluqları yanaraq külə çevrilir.
Qeyd edək ki, Turşsu kəndi də azadlığının ilk baharına doğru yol alıb və ərazidə yenidənqurma işləri sürətlə davam etdirilir.
Turşsu kəndinin layihə rəhbəri Elnur Abdullayevin sözlərinə görə, dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşən kəndin ümumi ərazisi 122,7 hektardır. Kənd təbiətin füsunkar gözəlliyi olan bir ərazidə yerləşdiyi üçün ümumi konsept layihə gələcəkdə turizm sektorunun inkişafına töhfə verəcək şəkildə hazırlanır. Kənddə infrastruktur, yaşayış evləri, kommunikasiya xətləri və digər tikililər tamamən yenidən qurulacaq. Tikinti işləri vahid memarlıq üslubunda görüləcək. Həmçinin mərkəzi və əsas küçələrdən biri turizm üçün nəzərdə tutulub. Kəndin yaxınlığında yerləşən Turşsu bulağı ətrafında da turizm sektoru üçün vacib olan obyektlərin qurulması nəzərdə tutulur. Gələcəkdə burada kempinq tipli istirahət mərkəzinin yaradılması planlaşdırılır.