Pensiya və müavinətlərin təyinatında vətəndaşdan sənəd tələb edilməyəcək
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
Belə ki, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial xidmətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək.
Bununla əlaqədar olaraq, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Qanunlara dəyişiklikləri sadə dildə ifadə etsək, yeni qanun qüvvəyə mindikdən sonra pensiya və müavinətlər təyin edildikdə vətəndaşdan heç bir sənəd tələb edilməyəcək. Bu işlər Elektron Hökumət portalı tərəfindən avtomatik həyata keçiriləcək.