Türkiyəli deputat Qarabağın potensialına işarə vurdu
"Qarabağı kənd təsərrüfatı, sənaye, turizm və informasiya texnologiyaları sektorlarının olduğu cəlbedici bir mərkəzə çevirə bilərik".
Bunu ötən gün Şuşada keçirilmiş, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda Türkiyənin Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu deyib. O, ölkəsinin biznesinin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu vurğulayıb.
"Qarabağın işğaldan azad edilməsi ilə bölgədə davamlı sülh, əmin-amanlıq üçün böyük imkanlar yaranıb. İndi Şuşa da daxil olmaqla bütün Qarabağ regionunu Bakı və Azərbaycanın digər şəhərləri kimi parlayan bir ulduza çevirmək hamımızın əlimizdədir. Şübhəsiz ki, Qarabağ əvvəlki şöhrətini və kimliyini bərpa edəcək. Onun inkişafını təmin edəcək layihələrin iş adamları ilə paylaşılmasına böyük əhəmiyyət veririk. Eyni zamanda Naxçıvanla Bakını birləşdirəcək Zəngəzur dəhlizi ticarətin inkişafına böyük töhfələr verəcək. Zəngəzur dəhlizi türk dünyası üçün də çox önəmlidir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hamı üçün yeni orta dəhliz açılacaq”, - deyə R.Hisarcıklıoğlu əlavə edib. ("Report")