Ermənistan rəhbərliyi ölkənin yeni konstitusiyasının qəbulu prosesinə başlanmasına dair yekun qərarı hələ ki, qəbul etməyib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyanın əsas siyasi müttəfiqlərindən biri deyib.
Ermənistanın “tamamilə yeni Konstitusiyaya” ehtiyacı olduğunu bundan əvvəl baş nazirin özü bəyan etmişdi.
1995-ci ildən qüvvədə olan və o vaxtdan bəri dəfələrlə düzəlişlər edilən hazırkı konstitusiyanın dəyişdirilməsi üçün ümümxalq səsverməsi – referendum keçirilməlidir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti: Azərbaycan əsgəri saxlanıb
"Konsepsiya" artıq Paşinyana təqdim olunub
Ermənistan Milli Məclisinin spikeri jurnalistlərin suallarına cavab verərkən deyib:
“Səhv etmirəmsə, müxalifət nümayəndələrindən biri AzadlıqRadiosunun proqramında demişdi ki, “biz konstitusiya referendumunu Paşinyana etimad səsverməsinə çevirməliyik. Hansı konstitusiya referendumu? Biz demişikmi ki, yaxın gələcəkdə konstitusiya referendumu keçiriləcək?”
O əlavə edib ki, belə bir dəyişiklik, 2030-cu ildə də baş verə bilər.
Paşinyan ötən ay bildirmişdi ki, Ermənistanın “regionda yenicə yaranmış geosiyasi mühitdə yeni konstitusiyaya ehtiyacı var”.
Ötən yanvar ayında isə Ermənistanın Ədliyyə Nazirliyi bəyan etmişdi ki, konstitusiya islahatı üçün “konsepsiya” baş nazirə təqdim olunub.
Azatutyunun yazdığına görə Paşinyanın tənqidçiləri inanırlar ki, o konstitusiyanı Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Bakının tələbi ilə dəyişmək istəyir.
Paşinyan və Əlievin dedikləri
Hakimiyyət bu iddiaları rədd etmiş Paşinyanın özü isə sülh müqaviləsinə görə konstitusiyanın dəyişdirilməsinə ehtiyac olmadığına işarə etmişdi. O Bakı və Yerevan arasında sülh müqaviləsində artıq razılaşdırılmış maddədən danışmışdı:
"Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər”.
Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir.
Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.
Paşinyan ötən həftə yenə də indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.
Prezident İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.
Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.
Müxalifət də iqtidarın dediyini deyir
Ermənsitan müxalifətinin liderləri isə deyirlər ki, Əliyevin bəyanatları Paşinyanın konstitusiyanı Bakının və Ankaranın tələbi ilə dəyişmək istədiyini göstərir.
Simonyan deyib ki, yeni konstitusiyaya dair hələlik heç bir qərar yoxdur. O iddia edib ki, hakimiyyət sadəcə olaraq ictimaiyyəti debatlara sövq edərək bu ideyaya cəmiyyətin reaksiyasını bilmək istəyir.
Azatutyun yazır ki, keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının liderlərindən biri, millətçi Daşnaksutyun partiyasından İşxan Sağatelyan da elə bunu demişdi:
“Məncə onlar ictimai əhval-ruhiyyəni öyrənməyə çalışırlar və son qərarı yalnız müvəffəq olacaqlarına əmin olduqdan sonra qəbul edəcəklər”.
O əlavə etmişdi ki, iqtidar referendum keçirmək istəsə, müxalifət bunu Paşinyanın etimad səsverməsinə çevirmək üçün əlindən gələni edəcək.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.