İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Tunis xalqı adından ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Bu fürsətdən istifadə edərək, xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini möhkəmləndirmək və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün Sizinlə birgə işləməyə sadiq olduğumuzu bir daha bildirirəm.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

11:47

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Timor-Leste Demokratik Respublikası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu qələbə təkcə Sizin prezidentlik səlahiyyətinizin davamı deyil, həm də Azərbaycanın gələcəyi naminə Zati-alinizin liderliyinə və strategiyasına göstərilən etimadın təzahürüdür. Sizin dövlətə xidmətdə əldə etdiyiniz nailiyyətlər və fədakarlığınız ölkənizin inkişafına və rifahına olan sadiqliyinizin təsdiqidir.

Ötən ilin mart ayında Zati-alinizlə X Qlobal Bakı Forumunda iştirakım çərçivəsində keçirilən tarixi görüşü böyük məmnunluq hissi ilə xatırlayıram. Bu görüş xalqlarımız arasında qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə təkan verib.

Əminəm ki, prezidentliyinizin yeni dönəmində biz Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə böyük potensiala malik mühüm sahələrdə, xüsusilə də təbii sərvətlərin istismarında, infrastruktur, gübrə istehsalı və təhsil sahələrində yeni investisiyalar, layihələr və tərəfdaşlıqlar həyata keçirə biləcəyik.

Biz yalnız Qoşulmama Hərəkatı çərçivəsində deyil, həm də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) inteqrasiya səviyyəsində Timor-Leste ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılılıqlı maraqlarımız naminə möhkəmləndirilməsinə, əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçirilməsinə sadiqliyimizi bir daha vurğulayırıq.

Qoy Zati-alinizin yeni mandatı Azərbaycan xalqına daha böyük nailiyyətlər, davamlı inkişaf və firavanlıq gətirsin! Bu ilin sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycanı ürəkdən təbrik edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq arzulayıram. Bir daha Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.