İlham Əliyev Rusiya hökumətinin sədrini qəbul edib
Martın 6-da prezident İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, iqtisadi-ticari sahədə nəticələr qənaətbəxşdir, 17 faizlik artım var: "Artıq 4.5 milyard dollar səviyyəsinə yaxınlaşırıq".
O əlavə edib ki, Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır: "Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir".
M.Mişustin isə iki ölkə arasında keçid məntəqələrində daşıma güclərinin beş dəfə artdığını vurğulayıb: "Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir".
M.Mişustin dünən, martın 5-də Azərbaycana gəlib və elə həmin gün bu ölkənin baş naziri Əli Əsədov ilə görüşmüşdü.
295 milyon dollarlıq birbaşa investisiya
Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarındandır. Hazırda Azərbaycanda min 400 Rusiya iştiraklı müəssisənin, onlardan təxminən 300-nün 100 faizli Rusiya kapitalı ilə işlədiyi qeyd edilir.
2023-cü ildə Azərbaycana Rusiyanın birbaşa investisiyaları 295 milyon dollar təşkil edib, Böyük Britaniya, Türkiyə və Kiprdən sonra dördüncü yeri tutub.
Nəqliyyat-logistika əməkdaşlığı
Rusiya hökuməti qeyd edir ki, iki ölkənin nəqliyyat-logistika sahəsində əməkdaşlığına xüsusi diqqət ayrılır. Rusiya və Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən "qərb" marşrutunu birgə inkişaf etdirirlər.
Fevralın 28-də Rusiyada iki ölkə arasında regionlararası forum keçirilib.
Bu ilin yanvarında isə Rusiya -Azərbaycan əməkdaşlığının inkişafı üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Əvvəlki yol xəritələri 2018-2023-cü illəri əhatələyirdi.
Ötən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə iki dəfədən çox artaraq 4.3 milyard ABŞ dollarını ötüb. Ümumi yükdaşımaların həcmi 87 faiz, tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb.
Azərbaycan 2022-ci ildə Rusiya ilə müttəfiqlik bəyannaməsi də imzalayıb.