Şəhidlərimizin banklara olan borcu tam silindi
Bu ay Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin banklara olan bütün növ kredit öhdəlikləri və onlara hesablanmış faizlər tam silinib.
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin məlumatına görə, bu məsələ qurumun Rəyasət Heyətinin sentyabrın 16-da keçirilmiş geniş tərkibdə iclasında müzakirə edilib. İclasda borcların silinməsi məsələsi yekdilliklə təsdiq edilib.
"ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Prezidentin tapşırıqlarını və Azərbaycan Mərkəzi Bankının tövsiyələrini rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildiriblər", - məlumatda qeyd olunub.